PDF Oxu

Siyasət

  • 10

Əli Əhmədov: “Azərbaycan gənci öz dövlətinin qayğısı ilə əhatə olunub”

Əli Əhmədov: “Azərbaycan gənci öz dövlətinin qayğısı ilə əhatə olunub”

Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış istedadlı və yaradıcı gənclərə mükafatlar verilib.Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə bu günün 17 ildir ki, qeyd olunduğunu deyib.Ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan nazir vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti inkişaf edir, məzmunca zənginləşir, intensivləşir: "Azərbaycan gənclərinə ən yüksək qiymət Prezident İlham Əliyev tərəfindən verilib. Onun hakimiyyəti dövründə gənclərin inkişafına dair mühüm layihələr həyata keçirilib, proqramlar qəbul olunub. Ötən il təkcə nazirlik tərəfindən ümumi məbləği 5 milyon 500 min manat dəyərində 137 layihə dəstəklənib. Heç bir şübhə yoxdur ki, Azərbaycan gənclərinin namizədi İlham Əliyev olub. Gənclərimiz üçün bu gün əsas tövsiyə isə onun tövsiyəsidir".Daha sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, bu gün müstəqil Azərbaycanın vətəndaşı olmaq sözün əsl mənasında şərəfdir. Onun sözlərinə görə, Azərbaycanın gənc vətəndaşı olmaq ikiqat şərəfli bir missiyadır: "Bu gün Azərbaycanın hər bir vətəndaşı, hər bir azərbaycanlı, hər birimiz cənab prezidentimizin rəhbərliyi altında Azərbaycanın bu gününü, inkişafını təmsil edirik, eyni zamanda, gələcəyə inamı təbliğ edirik. Gənclər isə həm Azərbaycanın bu gününü, həm də gələcəyini təmsil edirlər. Bu, kifayət qədər böyük məsuliyyət, gələcəyə hazır olmaq kimi bir gerçəklik tələb edir. Bu gün hər bir Azərbaycan gənci öz dövlətinin qayğısı ilə əhatə olunub. Ölkəmizdə Gənclər Gününün elan olunması və hər il bu günün təntənəli qeyd olunması ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclərə qayğını özündə ifadə edən siyasəti əks etdirir. Bu gün cənab prezidentimizin rəhbərliyi altında həmin siyasət daha geniş miqyasda gerçəkləşdirilir".Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda layiqli gənclik formalaşır: "Vətəninə, dövlətinə sadiq olan, Azərbaycanın maraqlarını düşünən və Azərbaycanın gələcəyinin qarşıya qoyduğu vəzifələri həyata keçirməyə qadir olan gənclik artıq formalaşıb".Tədbirin davamında söz alan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin gənclərin həyatında bəxş etdiyi uğurlardan və fond haqqında danışıb. Onun sözlərinə görə, il yarım ərzində fonda 1642 layihə təqdim olunub və bunlardan 1021-i dəstəklənib.Mərasimdə elm, təhsil, mədəniyyət və ictimai sahələrdə nailiyyətlər qazanmış 6 istedadlı və yaradıcı gəncə Prezident mükafatı verilib. Həmçinin tədbirdə 25 gənc, 11 qeyri-hökumət və tələbə gənclər təşkilatı 2013-cü ildə uğurlu fəaliyyətinə görə nazirlik tərəfindən mükafatlandırılıb.

sia.az

Digər xəbərlər