Müsahibimiz Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdur
- Eldar müəllim, bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının ilk iclası keçirildi. Komissiyanın fəaliyyət planına hansı məsələlər daxildir?
- Ümumiyyətlə, partiyamızın müvafiq komissiyalarının yaradılması çox müsbət haldır. Bu mənada İqtisadi məsələlər komissiyası ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarının təbliğatı ilə məşğul olacaq, bu siyasətin əhəmiyyəti, Azərbaycanın inkişafında oynadığı rol ilə əlaqədar təhlillər apararaq ictimaiyyətə təqdim edəcək. Eyni zamanda, zəruri hallarda müəyyən təkliflərlə çıxış edəcək.
Qeyd etdiyiniz kimi bir neçə gün öncə komissiyamızın ilk iclası keçirildi. Komissiyanın iclasında 2014-cü il üzrə fəaliyyət planı müzakirə edilərək qəbul olundu. Komissiyanın üzvləri fəaliyyət planını geniş müzakirə edərək müəyyən maraqlı təkliflərlə çıxış etdilər. Yekun olaraq bu il üçün fəaliyyət planımız təsdiq olundu, il ərzində müəyyən tədbirlərin keçirilməsi qərara alındı. Dediyim kimi komissiya bu il ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarının təbliğinə yönəlmiş bir sıra tədbirlər keçirməyi nəzərdə tutur. Tədbirlər sırasına ilk olaraq Azərbaycanın ərzaq təhlükəsizliyinin mahiyyəti, mövcud vəziyyət və perspektivlər barədə KİV-in iştirakı ilə təşviqat xarakterli konfransların təşkili daxildir. Bundan əlavə, regionların inkişafı ilə bağlı nəzərdə tutulan yeni dövlət proqramı, ölkədə kənd təsərrüfatının inkişaf strategiyası və aqrar layihələrin əhəmiyyəti barədə təqdimatların keçirilməsi də komissiyasının fəaliyyət planına daxil edilib.
Xüsusilə, Prezident İlham Əliyevin növbəti 5 illik inkişafa dair qarşıya qoyduğu hədəflərin geniş şəkildə təbliğ olunması da partiyanın iqtisadi məsələlər komissiyasının gündəmində olan əsas məsələlərdən biridir. Biz nəzərdə tuturuq ki, keçirdiyimiz tədbirlərə, eləcə də gələcəkdə komissiyanın iclaslarına iqtisadçı mütəxəssisləri dəvət edək. Hesab edirəm ki, bu, ümumi işimizin xeyrinə olacaq. Çalışacaq ki, fəaliyyətimizlə partiya rəhbərliyinin etimadını doğruldaq. Bütövlükdə, nəzərdə tutduğumuz işlər kifayət qədərdir və İqtisadi məsələlər komissiyası olaraq bu işlərin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.
- Ölkəmizin sosial-iqtisadi inkişafı fonunda qazanılan nailiyyətləri necə qiymətləndirirsiniz? Bu baxımdan, başa vurduğumuz 2013-cü il nə kimi uğurlarla yadda qaldı?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım əldə olunub. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir.
Fakt üçün deyə bilərəm ki, başa vurduğumuz 2013-cü il ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə yönündə uğurlu addımlar atılıb. O cümlədən, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib.
- Bu uğurlar Azərbaycanın regionlarının inkişafında özünü necə göstərir? Eyni zamanda, aqrar sahədə vəziyyəti necə dəyərləndirirsiniz?
- Son illər Azərbaycan regionlarının inkişafı ilə bağlı ciddi nəticələr əldə edilib. Təbii ki, bu prosesdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi başlıca rol oynayır. Regionların inkişafında sahibkarlara göstərilən dövlət qayğısı da böyük əhəmiyyətə malikdir. Sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Bu sahə ilə bağlı hüquqi baza da kifayət qədər mükəmməldir. Dövlətimiz hər il sahibkarlara güzəştli kreditlər ayırır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu kreditlərin həcmi hər il artımla müşahidə olunur. Bu dövlətimizin bu sahəyə qayğısının yüksək nümunəsidir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin hesabına regionlarda istehsal və emal yönümlü müəsisələrin yaradılması böyük vüsət alıb. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb.
Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün zəruri tədbirlər görülür. Ardıcıl olaraq daim bu baxımdan uğurlu addımlar atılıb. Aqrar sahənin inkişafı ilə əlaqədar bu il ərzində də mühüm işlərin görülməsi nəzərdə tutulur. Aqrar bölmə ölkə əhalisinin ərzaqla etibarlı təminatının əsas bazasıdır. Bu səbəbdən də bu sahəyə dövlət büdcəsindən investisiya qoyuluşu artırılmalıdır. Qeyd etdiyim istiqamətdə də zəruri addımlar atılır. Belə ki, bölgələrdə əsasən emal, kənd təsərrüfatı maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafı üçün müəssisələr tikilib istifadəyə verilir. Fermerlər arasında könüllülük əsasında birgə təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü, emalı və s. ilə məşğul olan kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrara siyasətinin əsas prioritetlərindəndir. Hesab edirik ki, aqrar sektorun inkişafı siyasətinin bu istiqamətləri hörmətli Prezidentimizin iri təsərrüfatlar yaradılması haqqında verdiyi tapşırığa tam uyğundur və onların uğurla həyata keçirilməsi üçün "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanunların qəbul edilməsinə böyük ehtiyac var.
- Eldar müəllim, artıq Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Rəhbərlik etdiyiniz Aqrar siyasət komitəsinin bu sessiya ərzində iş planına hansı məsələlər daxildir?
- Komitəmiz ənənəvi olaraq kənd təsərrüfatı ilə bağlı qanunvericilik işləri ilə məşğuldur. Bilirsiniz ki, fevralın 3-də Milli Məclisin yaz sessiyası öz işinə başladı və sessiyanın ilk iclasında parlamentin bu dövr üçün qanunvericilik işləri planı təsdiq olundu.
Amma nəzərinizə çatdırım ki, yanvarın 29-da Aqrar siyasət komitəsinin bu il ərzində ilk iclası keçirildi. İclasda ilk olaraq son payız sessyasında komitəmizin fəaliyyəti haqqında fikirlər səsləndirildi. Belə ki, ötən sessiya dövründə komitəmizin 4 iclası keçirilmişdi ki, bu iclaslarda 11 məsələyə, o cümlədən, 9 qanun layihəsinə baxılıb. Komitənin təqdim etdiyi 7 qanun layihəsi Milli Məclisdə qəbul olunub. Ötən payız sessiyasında komitəyə vətəndaşlardan daxil olan 67 müraciətə baxılıb. Eyni zamanda, komitəmizin üzvü olan millət vəkilləri xarici ölkələrə səfərlər edib, beynəlxalq qurumların tədbirlərində fəal iştirak ediblər.
İclasda həmçinin, bu ilin yaz sessiyasında Aqrar siyasət komitəsinin iş planı da müzakirə edildi. Nəzərdə tutulur ki, sessiya dövründə komitədə yeni hazırlanan "Yaşıllıqların mühafizəsi haqqında" və "Kənd təsərrüfatının kooperasiyası haqqında" qanun layihələri Milli Məclisin plenar iclasına çıxarılsın. Sessiya ərzində yeni qanun layihələri ilə yanaşı bəzi hüquqi sənədlərə də əlavə və dəyişikliklər olunacaq.
yap.org.az