İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası təmas qrupunun toplantısı başlanmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, toplantıda dünyanın müxtəlif regionlarında yaradılması nəzərdə tutulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin Əsasnamə layihəsinə dair rəy və təkliflər ətrafında müzakirələr aparılmışdır.
Layihədə mərkəzlərin əsas fəaliyyət istiqamətləri, türkdilli xalqların diasporları arasında əməkdaşlığın genişləndirilməsinin prinsipləri, onların mənafelərinin qorunması sahəsində fəaliyyət mexanizmləri ilə bağlı müddəalar öz əksini tapmışdır.
Əsasnamə təhsil, mədəniyyət, ortaq dəyərlərin qorunması və təbliği, lobbi quruculuğu, diasporların ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı türkdilli xalqların diasporlarının birgə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edəcək sənəd kimi nəzərdən keçirilmişdir.
Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarını təmsil edəcək bu mərkəzlərin fəaliyyətinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası tərəfindən əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Əsasnaməyə görə, regional mərkəzlərin fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının hər birindən iki nümayəndə təmsil olunacaqdır.
Daha sonra xarici ölkələrdə yaşayan türkdilli gənclərin diaspor quruculuğu sahəsində fəaliyyətini əlaqələndirmək məqsədi ilə yaradılacaq Gənclər Komissiyası ilə bağlı müzakirələr aparılmışdır. Bu barədə təmas qrupunda təmsil olunan Azərbaycan nümayəndələrinin hazırlayacağı təkliflər paketinin Türkiyə təmsilçilərinin də rəyi nəzərə alınmaqla növbəti toplantıda müzakirəyə çıxarılması qərara alınmışdır.
"Həftəsonu" məktəblərinin yaradılması ilə bağlı Azərbaycanın təcrübəsinin digər türkdilli ölkələr tərəfindən də tətbiq edilməsi tövsiyə olunmuşdur. İclasda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının regional mərkəzlərinin ilkin mərhələdə ABŞ, Fransa, Almaniya və Ukraynada qurulması barədə razılığa gəlinmişdir.
Sonda iclasın yekun protokolu müzakirə edilmiş və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi tərəfindən təsdiqlənmişdir.
yap.org.az