Azərbaycanda bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemi hazırlanmışdır.
Bunu "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən III vergi forumunda Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Natiq Şirinov bildirmişdir.
N. Şirinov demişdir ki, hələ 2002-ci ildə Vergilər Nazirliyinə vergilərin düzgün yığılmasında bələdiyyələrə metodiki kömək göstərilməsi həvalə olunmuşdu. Bununla bağlı, 2006-cı ildə müvafiq təlimat hazırlanmışdı. Lakin sonradan müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə başlanılmış və Vergilər Nazirliyində avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) yaradılmışdır. Buna uyğun olaraq bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemi də hazırlanmışdır. Məqsəd bütün əməliyyatların - ərizələrin və bəyannamələrin təqdim olunması, şəxsi vərəqələrə baxış imkanlarının həyata keçirilməsi və digər əməliyyatların tam və şəffaf şəkildə avtomatlaşdırılmasını təmin etməkdir.
N. Şirinov vurğulamışdır ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında Vergilər Nazirliyinin qarşısında duran əsas strateji hədəflərdən biri də bələdiyyələrə müvafiq metodiki kömək göstərmək, elektronlaşmanı həyata keçirməkdir. Bu hədəflərdən irəli gələn yeni sistem pilot olaraq tətbiq ediləcəkdir. Eyni zamanda, treninqlərin keçirilməsi nəzərdə tutulur. Bundan sonra ölkədə bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemi tam şəkildə tətbiq ediləcəkdir
yap.org.az