Vaşinqtondakı Elmi Tədqiqat Yaxın Şərq İnstitutunda "Türkiyənin xarici siyasəti və təhlükəsizlik siyasəti: problemlər və perspektivlər" mövzusunda forum keçirilib. Moderatoru Yaxın Şərq İnstitutunun Türkiyə Araşdırmalar Mərkəzinin direktoru və həmtəsisçisi Gönül Tol olan tədbirdə Ankaradakı Yaxın Şərq Texniki Universiteti yanında beynəlxalq münasibətlər fakültəsinin professoru, Türkiyənin xarici siyasətinə dair bir sıra kitabların müəllifi doktor Hüseyn Bağcı çıxış edib. Alim Türkiyənin Qərb və Yaxın Şərq ölkələri ilə münasibətlərində Türkiyənin xarici siyasətinin uğurları və səhvləri, habelə Amerika-Türkiyə münasibətlərinin inkişafı barədə məlumat verib.Professor Bağcı qeyd edib ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə demək olar ki, hər il Azərbaycana səfər edir, Bakıda, Gəncədə, Qəbələdə və başqa şəhərlərdə olur. Professor Bağcı vurğulayıb ki, Transanadolu qaz kəməri layihəsi fəaliyyətdədir və təbii ki, Azərbaycan Türkiyə üçün mühüm tərəfdaşdır. Rusiya, İran (tezliklə İraq da Türkiyəni qaz ilə təchiz edən əsas ölkələr olsalar da qaz idxalının şaxələndirilməsi Türkiyə üçün vacibdir.Dağlıq Qarabağ münaqişəsinin həlli barədə professor qeyd edib ki, bu münaqişə barədə türkiyəli siyasətçilərin başqa mövqeyi yoxdur və ola da bilməz, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini indiyə qədər həll edə bilməyib.Tədbirdə Vaşinqtonun elmi-tədqiqat mərkəzlərinin nümayəndələri, tədqiqatçılar, universitet tələbələri və ABŞ dövlət departamentinin keçmiş nümayəndələri iştirak ediblər.
sia.az