Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında hakim partiyanın Sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Çin Kommunist Partiyası (ÇKP) Beynəlxalq Əlaqələr şöbəsinin sədr müavini Çjoy Linin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə iki ölkə arasındakı əməkdaşlıq müzakirə olunub. Qonaqları salamlayan Əli Əhmədov bu səfərin YAP ilə ÇKP arasında əməkdaşlığın inkişafına töhvə verəcəyini bildirib: "Hər iki partiya arasında əlaqələr yüksək səviyyədədir. Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əlaqələrin inkişafı əsas istiqamətlərdən biridir. Bu baxımdan, Çin Kommunist Partiyası ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və müzakirələr əlaqələrimizi daha da möhkəmləndirir. Siyasi partiyaların əlaqələri ölkələr arasında münasibətlərin inkişafına da müsbət təsirini göstərir. Düşünürəm ki, bu səfər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir".
Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini Çjoy Li Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Çin ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Çjoy Li bu əlaqələrin daha da inkişaf etdiyini qeyd edib. Qonaq həmçinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın inkişaf etdiyini deyərək, bu inkişafı yüksək qiymətləndirib. ÇKP nümayəndə heyətinin rəhbəri həmçinin son prezident seçkilərində qələbə qazanması münasibətilə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi təbrik edib.
Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan tərəfindən YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, qarşı tərəfdən isə Çin Kommunist Partiyası Beynəlxalq Əlaqələr şöbəsinin 6-cı idarəsinin direktor müavini Çyan Nayçen və başqaları iştirak edib.
sia.az