"2013-cü ildə ölkənin xarici iqtisadi mövqeyi daha da möhkəmlənib, ilkin qiymətləndirməyə görə ixracın həcmi 30 mlrd. ABŞ dollarını, tədiyə balansının cari hesabında profisit isə 10 mlrd. ABŞ dollarını ötüb. Milli iqtisadiyyat istənilən şokları qarşılamağa imkan verən valyuta ehtiyatlarına malikdir". Bu fikirləri Mərkəzi Bankın İdarə Heyətinin sədr Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, ümumilikdə strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını ötüb və ehtiyatların həcmi ÜDM-in 70%-nə ekvivalentdir. Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatı 5.8% artım nümayiş etdirib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına həsr olunmuş konfransdakı çıxışını xatırladan E.Rüstəmov bildirib ki, həqiqətən də son illərdə Azərbaycanın bank sektoru sürətlə inkişaf edib, və bu gün ölkəmiz güclü bank sektoruna malikdir.
"Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilində 21% artaraq 14,2 mlrd. ABŞ dollarına çatıb. Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 2,5 mlrd. ABŞ dollarına yaxın həcmdə alışyönlü valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyi qorunub"- deyə, E.Rüstəmov vurğulayıb.
yap.org.az