Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilmişdir.
RİTN-nin mətbuat xidmətindən bildirmişlər ki, iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr barədə danışmışdır.
Sonra məruzələr dinlənilmişdir. Bildirilmişdir ki, ötən illə müqayisədə informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunda artım tempi 14 faiz təşkil etmiş, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1 632,2 milyon manat olmuşdur. Həmçinin İKT, informasiya və poçt sektoru üzrə əldə edilən gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faizə çatmışdır. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanlar nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 geqabit saniyə artırılaraq 210 geqabit saniyəyədək yüksəldilmişdir. Hazırda ölkədə hər yüz nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə çatmışdır. Hər yüz nəfərə isə 110 mobil abunəçi düşür.
Sonra RİTN-nin bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilmişdir.
Nazir Ə.Abbasov 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıqlar vermişdir.
yap.org.az