Fevralın 10-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Çin Kommunist Partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Z.Əsgərov görüşdə Azərbaycan–Çin əlaqələrinin qədim tarixindən danışmışdır. O bildirmişdir ki, Mərkəzi Asiyanın böyük dövləti Çin ən qədim dövrlərdən dünya miqyasında öz yeri, mövqeyi olan bir ölkə kimi tanınmışdır. Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin tarixi çox qədim zamanlara təsadüf edir. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Z.Əsgərov Azərbaycanın qısa müddətdə keçdiyi inkişaf yolundan, əldə edilən uğurlardan, həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisindən danışmışdır. Milli Məclis sədrinin birinci müavini, həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirmişdir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Z.Əsgərov demişdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Rəsmi Yerevan BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymur. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür etmişdir.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi nazirinin müavini Çjoy Li ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu bildirmişdir. O demişdir ki, Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələr yüksək səviyyədədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq rəsmi Pekinin bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu qeyd etmişdir.
AzərTAc