İlham Əliyev: "Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olmuşdur"
Bir il öncə - 2013-cü il fevralın 8-də müstəqillik tariximizin ən önəmli hadisələrindən - Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - "Azərspace-1" uğurla orbitə buraxıldı.
2013-cü il tarixi və uğurlu hadisələr ili kimi qeyd etsək daha obyektiv olar. Belə ki, ilin vacib hadisələrindən ən mühümü oktyabrda keçirilmiş prezident seçkiləridir. Eyni zamanda ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi iki illik fəaliyyəti, eyni zamanda Yeni Azərbaycan Partiyasının V Qurultayının keçirilməsi, Azərbaycanın ilk süni peykinin orbitə buraxılması da 2013-cü ilin mühüm hadisələrindəndir. Dövlət başçısının xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz Ölkə Prezidenti İlham Əliyev Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə əlverişli tranzit ölkəyə və regional mərkəzə çevrilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu gün informasiya texnologiyalarının inkişafı telekommunikasiya şəbəkələrini, yəni məftilli və simsiz telefon sektorunu, televiziya-radio sistemlərini, süni peyk, kabel magistrallarını, kompyuter şəbəkələrini vahid bir sistemdə cəmləşdirir və əlaqəli istismarını tələb edir.
Qafqazda ilk peyk operatoru - "Azərkosmos"
Prezident İlham Əliyev 2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" barədə Sərəncam imzalaması və 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etməsi bu sahənin prioritetliyini bir daha göstərmişdir. 2013-cü ildə ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin elan edilməsi də bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.
Ölkə başçısı 2010-cı ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzaladı. Adıçəkilən quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" fəaliyyət göstərdiyi qısa müddətdə ölkəmizdə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş apardı. Bütün səylər ölkəmizin ilk süni peyki olan "Azerspace-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəldi. Beləliklə, 2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk peyki - "Azerspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxıldı. Bu hadisə Azərbaycanın növbəti böyük uğuru kimi səciyyələndirildi. Prezident İlham Əliyev peykin orbitə uğurla buraxılması münasibətilə Azərbaycan xalqını təbrik etdi: "Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə, Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm".
Peyk sənayesi dünyada ən səmərəli və gəlirli biznes sahələrindəndir
Son illərin tendensiyası göstərir ki, innovativ və texnoloji cəhətdən inkişaf etmiş peyk sənayesi dünya üzrə ən səmərəli və gəlirli biznes sahələrindən birinə çevrilib. Avropa Peyk Operatorları Assosiasiyasının məlumatlarına əsasən, peyk sənayesinə yatırılan hər 1 avro dövlət vəsaiti birbaşa və ya dolayı formada 47 avro gəlir gətirir. Peyk Sənayesi Assosiasiyasının təqdim etdiyi statistikaya əsasən, 2011-ci ildə dünya üzrə peyk sənayesinin gəlirləri 177,3 milyard ABŞ dolları olub. Son 5 ildə dünya peyk sənayesinin gəlirləri davamlı olaraq artmışdır və bu artım qlobal maliyyə böhranına baxmayaraq, hər il orta hesabla 9 faiz təşkil edib. Bir çox ölkələr və iri transmilli şirkətlər məhz mənfəət əldə etmək üçün bu sahəyə milyardlarla dollar məbləğində investisiyalar qoyurlar. Dünyada çoxsaylı peyklərə malik ölkələr və şirkətlər çoxdur. Ancaq son illərdə bütün qitələrdə regional müstəvidə fəaliyyət göstərən operatorların çoxalması tendensiyası müşahidə olunmaqdadır.
"Azərkosmos" kimi regional operatorların çoxalma tendensiyası və gəlir əldə edərək uğur qazanması müştərilərə coğrafi yaxınlıq, dil faktoru üstünlüyü, biznesin idarə olunmasının çevikliyi, iri şirkətlərin diqqət mərkəzində olmayan bölgələrdə peyk xidmətlərinə yaranan tələbatın ödənilməsinin aktuallaşması və sair bu kimi amillərlə bağlıdır. Qeyd edək ki, "Azerspace-1" peykinin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəyəcək, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq.
Beləliklə, Azərbaycan peykinin orbitə buraxılması ölkənin sosial-siyasi və iqtisadi sahələr daxil olmaqla müxtəlif sahələrdə əldə etdiyi uğurların təsdiqidir. Eyni zamanda peykin orbitə çıxarılması Azərbaycanın kosmik sənaye ölkəsinə çevrilməsi üzrə perspektiv layihələrin həyata keçirilməsində ilk addım oldu.
R.KAMALQIZI