"Türk dövlətləri ilə Azərbaycanı birləşdirən bir çox amillər var. Bizi birləşdirən tək nəqliyyat coğrafiyası deyil, tariximiz, mədəniyyətimizdir. Buna görə də siyasi, iqtisadi və bir çox sahələrdə əməkdaşlıq etməyimiz olduqca vacibdir. Bu baxımdan, bugünkü iclasın böyük əhəmiyyəti var. TÜRK PA-nın gələcəyinə hər birimizdə böyük əminlik var. Hesab edirik ki, bu qurum fəaliyyət qabiliyyətli bir təşkilata çevriləcək və artıq çevrilməkdədir. İnanırıq ki, TÜRK PA bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verən və türk dünyasının səsini bütün dünyaya çatdıran bir təşkilata çevrilə biləcək". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov parlamentdə bu gün öz işinə başlayan Türkdilli ölkələrin Parlament Assambleyası İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının üçüncü iclasında çıxışı zamanı deyib.O çıxışı zamanı qeyd edib ki, Azərbaycanın türk dövlətləri ilə siyasi, iqtisadi və bir çox sahələrdə əməkdaşlıq etməsi olduqca vacibdir: "Xatırladım ki, keçən ilin dekabrın 27-də "Şahdəniz-2" layihəsi ilə bağlı yekun qərar imzalanıb. Hesab edirəm ki, Azərbaycandan ixrac ediləcək qazın Türkiyə vasitəsi ilə Avropa ölkələrinə çatdırılması, eləcə də Orta Asiyadan gələcək neft və qazın Azərbaycan vasitəsi ilə Avropaya çatdırılması onu deməyə əsas verir ki, bu gün dünyanın nəqliyyat lokomotivinin böyük hissəsi türk dünyasının payına düşür. Buna görə də bu işdən olduqca səmərəli istifadə etməliyik. TÜRK PA hazırda bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi qismində iştirak edir".İclasın gündəliyinə nəqliyyatla bağlı məsələnin təsadüfdən salınmadığını bildirən vitse-spiker bu ilin sonu, gələn ilin əvvəli Bakı-Tiflis-Qars dəmiryolunun artıq fəaliyyətə başlayacağını bildirib. O, qeyd edib ki, bu Bakı-Tiflis-Qars dəmiryolu təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətrləin yaxınlaşmasına kömək edən mühüm layihədir.Ziyafət Əsgərov həmçinin əlavə edib ki, keçən əsrin əvvəllərində Zəngəzur mahalı Azərbaycandan alıanaraq Ermənistana verilməsi türk dünyası ilə coğrafi baxımdan aramızda olan əlaqəni kəsmiş oldu: "Buna baxmayaraq bu coğrafi baryerləri də aşıb keçəcəyik. Arzu edərdim ki, bu məsələdə Orta Asiya ölkələri daha fəal olsun ki, qarşıya qoyulan məqsədə nail olaq".
sia.az