PDF Oxu

Siyasət

  • 5

İlham Əliyev: Ölkəmizdə yaradılan investisiya iqlimi çox müsbətdir

İlham Əliyev: Ölkəmizdə yaradılan investisiya iqlimi çox müsbətdir

Son on ildə ölkə iqtisadiyyatına 160 milyard dollar investisiyanın cəlb olunması bunun təsdiqidir

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyev bir daha ölkəmizin son on ildə qazandığı uğurlara diqqəti yönəldərək bu inamı ifadə etdi ki, növbəti beş ildə də uğurlarımız davamlı olacaq, qarşıya qoyduğumuz məqsədlərə yüksək səviyyədə nail olacağıq. Son on ilin statistik göstəriciləri bu əminliyə əsas verir. Son 10 ildə iqtisadiyyat 3,4, sənaye istehsalı 2,7, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkədə bir milyon 200 min yeni iş yeri açılıb ki, onların da 900 mini daimidir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə enib. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Dövlət başçısı bildirir: "Bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır." Ölkə Prezidentinin sərəncamı əsasında 2014-cü ilin "Sənaye ili" elan olunması, cari ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər də işsizlik probleminin həllinə öz müsbət təsirini göstərəcək. Yeni sənaye müəssisələrinin yaradılması minlərlə iş yeri deməkdir. Elmi əsaslara söykənən inkişaf strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açır. Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zərurətə çevrilib. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində də bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan tədbirlər öz əksini tapıb. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Bu da dünya miqyasında yüksək göstəricidir. Təbii ki, bu uğurlar hər dövrün tələbinə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatlara əsaslanır. Dövlət başçısı İlham Əliyev bildirir: "Ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir. Bu illər ərzində Azərbaycan böyük uğurlara imza atmışdır."

Prezident kimi fəaliyyətə başladığı gündən regionların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoyaraq, imzaladığı Dövlət Proqramları əsasında bu məqsədə nail olmağa geniş imkan yaradan cənab İlham Əliyev bildirir ki, əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək üçün normal, yaxşı şərait yaradılsın.

İqtisadi sahədə gerçəkləşdirilən şaxələndirmə siyasətinin uğurları göz qabağındadır. Regionların inkişafını ölkənin hərtərəfli tərəqqisi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bu fikri böyük inamla qeyd edir ki, hazırda bölgələrimiz arasında sağlam rəqabət gedir. Son on ildə ölkədə 55 min yeni müəssisə yaradılıb. Dövlət başçısı İlham Əliyevin Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası ilə yaxından tanış olmaq məqsədilə rayonlara, qəsəbələrə hər bir səfəri yeni müəssisələrin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İctimaiyyət nümayəndələri ilə görüşündə onların problemləri ilə yaxından tanış olan, aidiyyəti qurumlara onların həlli ilə bağlı tapşırıqlarını verən cənab İlham Əliyev bu fikri dəfələrlə qeyd edir ki, həyata keçirilən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması da bunun bariz nümunəsidir. Məhz bu uğurlara əsaslanaraq bildirilir ki, son on ildə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizin iqtisadi uğurları təhlil edilərkən 2009-cu ildən dünyanı bürüyən və nəticələri hələ də davam edən iqtisadi və maliyyə böhranında uğurla çıxması xüsusi qeyd edilir. Bu da ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycan iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolunu hər zaman önə çəkməklə yanaşı, bu hədəfi də diqqətə çatdırır ki, iqtisadi artım eyni zamanda qeyri-neft sektorunun hesabına olmalıdır. Bu gün ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi də Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi şaxələndirmə siyasətinə əsaslanır. Qarşıya qoyulan əsas hədəflərdən biri də Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi, inkişaf etmiş ölkələr sırasında olması, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasıdır. Məlum olduğu kimi, ötən il ÜDM 6 faiz, qeyri-neft sektoru 9,8 faiz artıb. İqtisadiyyatın enerji amilindən asılılığı azalır. Dövlət başçısı bildirir ki, qeyri-neft sektorunun artması bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaq. Hazırda aktivlərinin həcmi 35 milyard dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. Dövlət Neft Fondunu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirən ölkə Prezidenti bu prinsipin bütün sahələrdə qorunmasının vacibliyini bildirir. Dövlət başçısı maliyyə intizamının artırılmasından bəhs edərkən bu fikri də hər zaman önə çəkir ki, büdcə artdıqca məsuliyyət də artmalıdır. Daim bu məqsəd qarşıya qoyulur ki, qarşıdakı ilin büdcəsi ötən ilin büdcəsindən həm keyfiyyət, həm də kəmiyyət baxımından üstün olmalıdır. Dövlət büdcəsindən bu və ya digər sahələrə ayrılan vəsaitlərdə də daim artımlar nəzərə çarpır. Təbii ki, bu ölkəmizin iqtisadi imkanlarının artmasından irəli gəlir. Cari ilin dövlət büdcəsi 25 milyard dollardan çoxdur. Hazırda valyuta ehtiyatlarımızın həcmi 50 milyard dollar səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Bir sözlə, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik, infrastruktur layihələri, sosial proqramlar və digər istiqamətlər üzrə uğurlu fəaliyyət çox mühüm nəticələrə gətirib çıxarır. Dövlət başçısı İlham Əliyev bildirir: "Bu gün Azərbaycan dövləti güclü dövlətdir, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Biz bu təhlükəsizliyi, ictimai asayişi, iqtisadi inkişafı təmin edirik. Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bizim hər bir məsələ ilə bağlı öz fikirlərimiz, mövqeyimiz vardır. Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün ilk növbədə, daxildə bütün işlər lazımi səviyyədə təşkil edilməlidir. Əlbəttə ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə gücləndirmişdir."

Sabitlik bütün inkişafın əsasıdır. Bu amilin ölkənin tərəqqisində nə kimi rol oynadığını daha dərindən dərk etmək və dəyərləndirmək üçün müstəqilliyimizin ilk illərində mövcud duruma diqqət yetirmək kifayətdir. Azrbaycan hər zaman yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Amma bu maraq bütün dövrlər üçün eyni deyil. Təbii ki, bir ölkə digəri ilə iqtisadi əlaqələr qurmaq istəyəndə, mütləq ölkədə mövcud ictimai-siyasi duruma diqqət yetirir. Müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışı bu tərəddüdlərin də aradan qaldırılmasına zəmin yaratdı. Belə ki, uğurlu daxili siyasət nəticəsində ölkədə sabitliyin yaradılması biznes imkanlarının genişlənməsinə stimul verdi. Azərbaycanın çox qısa zamanda böyük investisiyalar məkanına çevrilməsi də bunun bariz nümunəsidir. Son on ildə ölkə iqtisadiyyatına 160 milyard dollar investisiya qoulub. Azərbaycan investisiya cəlbediciliyini bu gün də qorumaqdadır. Təkcə ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub ki, bu da rekord göstəricidir. Ölkə Prezidenti İlham Əliyev konfransda diqqəti bu məsələyə də yönəldərək bildirdi: "Azərbaycan, baxmayaraq ki, əsas neft kontraktları artıq imzalandı və icra edilir, yenə də xarici iş adamları üçün cəlbedici ölkə kimi çox maraqlıdır. Bu gün daha çox qeyri-neft sektorunun inkişafına vəsait qoyulur. Əlbəttə ki, biz bunu alqışlayırıq. Ölkəmizdə yaradılan investisiya iqlimi çox müsbətdir. Adambaşına düşən birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında ön sıralardadır."

Azərbaycanın uğurları beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur, inkişafın Azərbaycan modelinin mövcudluğu təqdir edilir. Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il Azərbaycan Ümumdünya İqtisadi Forumuna ev sahibliyi etdi. Daim bir məkanda- İsveçrənin Davos şəhərində keçirilən bu Foruma ölkəmizin də ev sahibliyi etməsi böyük uğurdur. Forum ölkəmizə malik olduğu investisiya mühitini, yeni biznes layihələrinə olan şəraiti, ümumiyyətlə iqtisadi və siyasi sahədə baş verən yenilikləri təqdim etmə imkanı yaratdı. Forumda dünyanın aparıcı şirkətlərinin iştirak etməsi yeni və daha irihəcmli investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin açılmasına, potensial istehsal imkanlarından səmərəli istifadənin təmin edilməsinə, İKT-nin son imkanlarından yararlanaraq daha keyfiyyətli və rəqabət tutumlu məhsulların istehsalına, dəyişən dünyanın son iqtisadi inkişaf çağırışlarına cavab verə bilən biznes mühitinin formalaşmasına ciddi imkanlar yaradır. Bir sözlə, Ümumdünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın regionda aparıcı ölkə olduğunu bir daha təsdiqlədi. Bir faktı da qeyd etmək istərdik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir.

Modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan dövlətinin hər bir yeniliyin ölkəmizdə tətbiqinə maraq göstərməsi islahatların uğurlu nəticələrində də özünü qabarıq şəkildə nümayiş etdirir. Uğurlu sosial-iqtisadi islahatların nəticəsidir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtiasadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb. Eyni zamanda ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq indeksi-2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Hesabatda ölkəmizdə yaradılan əlverişli biznes mühiti təqdir olunur, şəffaflıq prinsipinin qorunmasına xidmət edən addımlar önə çəkilir. Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda da şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlara diqqəti yönlədərək bildirmişdir: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir."

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmanına uyğun olaraq istifadəyə verilən "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi də dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, "bir pəncərə" prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin-"dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır. "Elektron hökumət" prinsiplərinə keçməyin özü də Azərbaycanın iqtisadi cəhətdən azad ölkə olmasını təsdiqləyən amillərdəndir. Prezident İlham Əliyev bildirir ki, biznes mühitinin yaxşılaşdırılması daimi prosesdir.

Bütün bu qeyd olunanların ümumiləşdirilmiş ifadəsi olaraq cənab İlham Əliyev bildirir: "Son on il ərzində qarşıda duran vəzifələrin hamısı icra edilib. İki dövlət proqramı artıqlaması ilə icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm ki, qəbul ediləcək növbəti- üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcəkdir."

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər