"Microsoft" korporasiyasının tədqiqat bölməsi İsveçrənin iki təhsil müəssisəsi ilə uçan robotların yaradılması layihəsi də daxil olmaqla, bir sıra istiqamətlər üzrə elmi layihələrin həyata keçirilməsi məqsədilə saziş imzalayıb. Robotları əl hərəkətləri və toxunuşla idarə etmək mümkün olacaq.
"Robohub" resursunun məlumatına görə, proqram istehsalçısı 5 ilə ərzində Sürix Ali Texniki Məktəbinin (ETH Zurich) və Lozanna Politexnik Məktəbinin (EPFL) alimləri tərəfindən elmi tədqiqat işlərinin aparılmasına 5 milyon İsveçrə frankı (5,5 milyon dollar) ayırmağa razılıq verib.
Müzakirə olunan 27 layihədən seçilən 7 layihənin həyata keçirilməsi üzərində "ETH Zurich" və "EPFL" alimləri "Microsoft Research" əməkdaşları ilə birlikdə çalışacaqlar.
Uçan robotların yaradılması üzrə layihəyə "Microsoft Research"in dosenti Otmar Hilliqs və doktor Şahram İzadinin cəlb edildiyi bildirilir. İlkin nəticələrə yaxın iki ildə nail olunacağı gözlənilir.
"Microsoft Research" alimləri ilk dəfə deyil ki, belə maraqlı layihələrlə məşğul olduqlarını bildiriblər. Onlar bu yaxınlarda on insanı tələb olunan mərtəbəyə düyməni basmadan çatdıra bilən "ağıllı" liftin yaradılmasını bildiriblər. Qurğunun işi bir sıra meyarlara, o cümlədən insanın davranış və vərdişləri, iş qrafiki ilə bağlı nəticə çıxarmağa imkan verən xüsusi alqoritmdən istifadəyə əsaslanır.
sia.az