"Azərbaycanda bankların nüfuzunun və onlara inamın yüksəlməsi üçün ən böyük addımı dövlətimiz atıb". Bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, 30 minədək əmanətlərin dövlət tərəfindən sığortalanması mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, qlobal maliyyə böhranı dövründə belə, Azərbaycanda bu böhran hiss olunmadı.
"Bu isə, Azərbaycanda bank sistemində aparılan siyasətin uğurlu olduğunu göstərir. Bildiyimiz kimi, Azərbaycanın maliyyə imkanları genişlənib. Strateji valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır. Eyni zamanda, qeyd etməliyəm ki, gələcək illər üçün Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və onun ÜDM-də payının artırılması nəzərdə tutulur. Neft sektorunun ÜDM-də payı azaldılır və 2017-ci ildə bu rəqəm 27 faiz olacağı proqnozlaşdırılır. Ümumiyyətlə. Müstəqil iqtisadi siyasət ölkəmizə böyük uğurlar qazandırır"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
yap.org.az