"İrandan bu cür qərəzli bəyanatları ilk dəfə deyil ki, eşidirik". Bu fikirləri millət vəkili Zahid Oruc SİA-ya açıqlamasında İranın Ermənistandakı səfiri Məhəmməd Rəisinin Azərbaycanı təhdid etməsinə münasibət bildirərkən deyib: "Lakin burada başlıca olaraq, tarixi torpaqlara qayıdış, Güney Azərbaycandakı dövlət quruculuğu kimi siyasi bəyanatlar səslənmir. Baxmayaraq ki, İran əksər hallarda öz apardığı siyasəti ilə Azərbaycanın maraqlarına böyük təhdidlər yağdırır. İstər İranla qonşu ərazilərdə, istər sərhəd bölgələrində, istərsə də bəzən dinc "çətir" altında Azərbaycana qarşı müxtəlif proseslər aparılmaqdadır. İranın Ermənistandakı bu təhdidinin altında nə dayanır onu demək çətindir. Amma İran istər Xəzər siyasətində, istərsə də sərhəd bölgələrində din tədrisi altındakı səylərini dayandırsa, Azərbaycandan təhlükə gözləməmək olar".
Millət vəkili eyni zamanda bu günlərdə İran prezidentinin Ermənistana gözlənilən səfərinə də münasibət bildirib: "Şübhəsiz ki, İran Ermənistan əlaqələri birmənalı olaraq Aərbaycanın maraqlarına zərbə vurur və Dağlıq Qarabağ münaqişəsinə ciddi şəkildə təsir edir. İran bir tərəfdən Dağlıq Qarabağı tanıması adı altında, ikinci tərəfdən bu işğaldan daha maraqlı olduğunu nümayiş etdirir. Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistanda qalması sanki İranın marağındadır".
sia.az