"Sərhədsiz reportyorlar" təşkilatının cədvəlində Azərbaycan mətbuatını aşağı yerdə tutması siyasi sifarişdən irəli gəlir
"Sərhədsiz reportyorlar" təşkilatı 2014-cü il üzrə dünya ölkələrində mətbuat azadlıqlarının indeksini açıqlayıb. İndeksə əsasən, Azərbaycan 180 ölkə arasında ötən illə müqayisədə geriləyərək (156) 160-cı yerdə qərarlaşıb. Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Aydın Mirzəzadə hesab edir ki, təşkilatın rəhbərləri öz üzərinə düşən işə məsuliyyətsiz yanaşıblar.Onun sözlərinə görə, Azərbaycan haqqında real informasiya olmadan ölkəmizi siyahıda istədikləri yerdə yerləşdirmək düzgün deyil: "O ölkədə mətbuat azadlığına aşağı qiymət vermək olar ki, burada müxalif mətbuatı olmasın, fərqli fikirləri yaymaq imkanları məhdudlaşdırılsın, jurnalistlərin azad fəaliyyətinə qarşı inzibati tədbirlər görülsün. Onların heç biri Azərbaycanda yoxdur və ölkəmizdə həm çap, həm də elektron mətbuatda kifayət qədər tənqidi, alternativ fikirlər çap olunur. Bu məsələ ilə bağlı mətbuat orqanına və ya konkret jurnalistə qarşı hər hansı bir addım atılmır. Digər bir tərəfdən Azərbaycanda mətbuatın azad inkişafı üçün dövlət tərəfindən digər ölkələrdə olmayan addımlar atılır. Buna misal bir çox mətbuat orqanlarının borclarının silinməsi idi ki, bu mətbuat orqanlarının içərisində müxalif mətbuatı orqanları üstünlük təşkil edirdi. Bundan əlavə, ölkə başçısının sərəncamı ilə ayrılan vəsait hesabına 156 jurnalist mənzillə təmin olundu. Onların içərisində kifayət qədər kəskin yazıları ilə çıxış edən müxalifət nümayəndələri də var. Artıq yeni 240 mənzilli bina da tikilməkdədir. Bu gün Azərbaycanda mətbuata qarşı hər hansı bir basqıdan, provakasiyadan söhbət gedə bilməz. Bu reallıqda "Sərhədsiz reportyorlar" təşkilatı cədvəlində Azərbaycan mətbuatını aşağı yerdə tutması, təşkilatın ölkə reallığından xəbəri olmamasından və ya siyasi sifariş yerinə yetirməsindən irəli gəlir. Kimlərin nə yazmasından asılı olmayaraq Azərbaycanda demokratik mühit hər zaman olacaq və mətbuat sərbəst şəkildə, istədiyi mövzuya, istədiyi şəraitdə toxuna biləcək".Millət vəkili onu da vurğulayıb ki, bu cür təşkilatların hər hansı bir indeks açıqlamasında siyasi maraqlar var: "Bu cür təşkilatların maliyyə mənbələri kifayət qədər bəlli qaynaqlara gedib çatır. Araşdırdıqda onların arxasında ya Türk dünyasına, Şərq aləminə nifrətdən yoğrulan müəyyən dairələrin, ya da Azərbaycanı sevməyən erməni millətçi təşkilatların dayandığını görürük. Aydın məsələdir ki, kim vəsaiti verirsə, yazılar da onun sifarişinə uyğun olaraq yazılır. Azərbaycanla bağlı artıq neçənci dəfədir ki, bu cür yazılar yazılır. Hesab edirəm ki, ölkəmizi belə yazılarla təəccübləndirmək olmaz. Çünki ölkəmiz buna öyrəşib. Burada Ermənistanın 78, Gürcüstanın 84-cü, Rusiyanın 148-ci, İranın 173-cü, Türkiyənin 154-cü, Azərbaycanın isə 160-cı pillədə qərarlaşması, bu təşkilatın qərəzliliyini bir daha göstərir. "Sərhədsiz reportyorlar" təşkilatı mətbuatı Ermənistandakı kimi görmək istəyirsə, dünya bu nümunədən ancaq dəhşətə gələ bilər".
sia.az