PDF Oxu

Siyasət

  • 11

Son 10 il ərzində ölkənin 90 faizi qazlaşdırılıb, Azərbaycan qaz ixrac edən dövlətə çevrilib

Son 10 il ərzində ölkənin 90 faizi qazlaşdırılıb, Azərbaycan qaz ixrac edən dövlətə çevrilib

Prezident İlham Əliyev: "Bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcək"

2013-cü ildə Prezident İlham Əliyevin 2009-cü ildə imzaladığı II regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icra müddəti başa çatdı. Bununla da, 2003-cü ildən ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin xüsusi nəzarəti və diqqəti əsasında reallaşdırılan iki Dövlət Proqramı özünün maksimum nəticələrini ortaya qoydu. 10 il müddətində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn tələblərin yerinə yetiriməsilə Azərbaycan sosial-iqtisadi baxımdan regionun ən güclü iqtisadiyyatına malik ölkəsinə çevrildi. Beləliklə də, Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 10 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, xüsusilə qaz infrastrukturunun modernləşməsinə səbəb olub, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirib. Məhz bu gün Ulu Öndər Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyasını məharətlə davam etdirən Prezident İlham Əliyevin gərgin əməyi sayəsində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, ölkəmiz qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib.

Qeyd edək ki, 2006-cı ildən etibarən "Şahdəniz" layihəsi üzrə aparılmış işlər nəticəsində Azərbaycan beynəlxalq bazarda özünü yeni alternativ təbii qaz mənbəyi təchizatçısı kimi təqdim edib. Ötən ilin sonlarında "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması dövlət başçısının rəhbərliyi altında beş ildən artıq bir müddətdə aparılmış gərgin fəaliyyətin uğurlu nəticəsidir. Bu hadisə Azərbaycanın inkişafını yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. 2004-2008-ci və 2009-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələr üzrə geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması ölkəmizin qaz hasilatını 2004-cü ildəki 5,5 milyard kubmetrdən 29,5 milyard kubmetrə çatdırmağa imkan verib.

Dəniz yataqlarından hasil olunan və əvvəllər atmosferə atılan, şamda yandırılan səmt qazları yığılıb sistemə ötürülüb. Bu, ətraf mühitin qorunması işinə də mühüm töhfə verib. 2013-cü ildə 13,3 milyard kubmetr qaz respublikanın qaz nəql sisteminə təhvil verilib. İki böyük yatağın - "Ümid" və "Abşeron" qaz yataqlarının kəşf edilməsi Azərbaycanın zəngin potensialının tam və səmərəli istifadə olunması üçün daha böyük perspektivlər açıb. "Ümid" yatağının bir neçə gün bundan əvvəl təhvil verilmiş 12 nömrəli kəşfiyyat quyusundan alınan nəticələr yatağın daha böyük ehtiyata malik olduğunu təsdiq edib. Bulla-dəniz yatağının ikinci tektonik blokunda yerləşən 90 nömrəli quyunun nəticələri isə göstərib ki, çoxdan istismarda olan yataqların aşağı laylarında məhsuldarlıq perspektivləri yüksəkdir.

Əlbəttə ki, qaz anbarlarının aktiv tutumunun artırılması ilə bağlı görülən işlər nəticəsində qaz anbarlarının tutumu 8 dəfə artırılaraq 5 milyard kubmetrə çatdırılıb. 2013-cü ildə anbarlara 3,5 milyard kubmetr qaz yığılıb. Havaların soyuq keçdiyi günlərdə anbarlardan sistemə gündəlik 25-26 milyon kubmetr qaz verilir ki, bu da "Şahdəniz" yatağından gündəlik hasil olunan qazın həcminə bərabərdir. 2004-cü ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın kənd və qəsəbəsi təbii qazla təmin olunurdu. Ölkə üzrə qazlaşma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdi. Bu gün respublikanın bütün rayon mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. 2013-cü ildə qazlaşma səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılıb. Ölkə üzrə real qazla əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilib, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunub. Qazlaşdırılma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunub, 41 qazpaylayıcı stansiya yenidən qurulub, ölçü qovşaqları istismara verilib və təmir edilib, ən müasir qurğularla təchiz olunub.

Bununla yanaşı, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpa edilməsi haqqında Prezident İlham Əliyevin tapşırığına əsasən, 2005-ci ildən təbii qazın verilməsi başlanıb. Artıq Naxçıvan Muxtar Respublikasının tam qazlaşdırılması başa çatdırılıb. Lakin bu gün Naxçıvana alternativ qaz kəmərinin çəkilməsi imkanları araşdırılır. Nehrəm duz yatağının bazasında isə qaz anbarının yaradılması işləri davam etdirilir. Yeni texnologiyanın tətbiq olunması və magistral kəmərlərdə müasir ölçülü cihazların quraşdırılması, qazın sərfiyyatına məsafədən onlayn rejimdə nəzarət olunması, əhali abonentlərinin sayğaclaşdırılmasının 5 faizdən 100 faizə çatdırılması, o cümlədən 50 faiz smart-kart tipli elektron qaz sayğacı ilə təchiz olunması nəticəsində itkilərin həcminin 25 faizdən 7,4 faizə endirilməsinə nail olunub.

Xatırladaq ki, əhali abunəçilərinin 2009-cu il oktyabrın 1-nə olan qaza görə debitor borclarının silinməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən, əhalinin keçmişdən qalan 327 milyon manatdan artıq borcları dövlət hesabına silinib. Eyni zamanda, Prezidentin tapşırığına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəlirləri hesabına qaçqın və məcburi köçkünlərin 2010-cu ilədək yaranmış 110 milyon manata yaxın debitor borcları silinib. Həmçinin bu ildən başlayaraq ölkədəki müxtəlif dini konfessiyalara məxsus bütün məscid, kilsə və digər ibadət ocaqlarına təbii qazın pulsuz verilməsi haqqında Prezident İlham Əliyevin tapşırığı yerinə yetirilir. Eyni zamanda, Dövlət Neft Şirkəti əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsi, abunəçilərlə müqavilələrin yerinə yetirilməsində şəffaflığın artırılması məqsədilə "Azəriqaz" İstehsalat Birliyinin müştəri xidməti fevralın 6-dan "ASAN xidmət" strukturlarında fəaliyyətə başlayıb.

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkənin inkişafında bir dönüş nöqtəsi olub, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri, infrastruktur, xüsusilə də, qaz sektorunun müasirləşdirilməsi bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə verib. Sözsüz ki, Prezident İlham Əliyevin Ümummilli Lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasəti bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcək. Elə Prezident İlham Əliyevin Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı dediyi kimi, son 10 ildə bütün sahələrdə böyük işlər görülüb və növbəti 5 ildə regionların inkişafı ilə bağlı qarşımızda duran bütün vəzifələr icra ediləcək: "İkinci Dövlət Proqramı başa çatıb. Birinci və ikinci Dövlət proqramları artıqlaması ilə yerinə yetirilib. İndi üçüncü Dövlət Proqramının qəbulu gözlənilir. Əminəm ki, bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcək".

"Səs" Analitik Qrupu

Digər xəbərlər