PDF Oxu

Siyasət

  • 10

"ASAN xidmət" bürokratik əngəlləri aradan qaldırdı

"ASAN xidmət" bürokratik əngəlləri aradan qaldırdı

Prezident İlham Əliyevin növbəti Fərmanı Azərbaycanda çoxfunksiyalı "ASAN ödəniş" sisteminin yaradılması ilə bağlı oldu

2014-cü il fevralın 14-də Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılsın.

Bir il öncə "ASAN xidmət" - idarəçilik sistemində yeni mərhələdir

Bir il öncə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi - "ASAN xidmət" mərkəzi yaradıldı. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edildi. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır, vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərini əhatə edən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı ölkə Prezidenti İlham Əliyev demişdir ki, növbəti illərdə də bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi davam etdiriləcəkdir: "Hər bir şəhərə genişzolaqlı internet çəkilməlidir. Bu sahədə Azərbaycan qısa müddət ərzində böyük uğurlara imza atdı. Biz bu gün kosmik dövlətlər sırasındayıq. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur, sürətlə artır. Ona görə, hər bir şəhərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı böyük məna daşıyır. Nəzərə alsaq ki, biz elektron hökumət sisteminə keçirik, "ASAN xidmət" artıq bölgələrə gəlibdir. Ona görə, bu sahə də daim diqqət mərkəzində olacaqdır".

Dövlət başçısı onu da vurğulayıb ki, bu baxımdan da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir: "Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistemdə xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən "ASAN xidmət"in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində "ASAN xidmət"ə bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə "ASAN xidmət"in funksiyaları bundan sonra da genişlənəcəkdir. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar".

Göründüyü kimi, dövlət idarəçiliyində yeni mərhələ olan "ASAN xidmət"in yaradılması yüksək peşə vərdişlərinə yiyələnmiş, etik davranış qaydalarına dönmədən riayət edən gənc nəsilin dövlət qulluqçularının yetişməsinə təkan verməkdədir. Eyni zamanda, qurumun bir illik fəaliyyəti insanların həyatına müəyyən dəyişikliklər gətirməklə yanaşı, onların müsbət gözləntilərini cavablandırır və cəmiyyətdə vətəndaş məmnunluğu yaradır. Əhaliyə dövlət orqanları tərəfindən göstərilən bir sıra xidmətlər daha operativ və keyfiyyətli olur, onların ehtiyacları yüksək səviyyədə təmin edilir. Artıq dövlət orqanlarına etimad daha yüksək səviyyədədir.

Beləliklə də, bu gün ölkə Prezidentinin imzaladığı növbəti Fərman da bir daha sübut etdi ki, "ASAN xidmət" mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq, ümümilikdə bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etməkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər