"Bu il ipoteka mexanizminin inkişafı Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaq". Bu fikri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi də əsas prioritetlər sırasındadır. Onun sözlərinə görə, Bank "Sənaye ili"ndə iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək.
"Təkrəqəmli aşağı inflyasiyanın makroiqtisadi siyasətin məqbul hədəfi olmasını nəzərə alaraq, Mərkəzi Bank hökumətin inflyasiya üzrə proqnozlarının gerçəkləşməsinə pul siyasəti vasitəsilə zəruri dəstək verəcək. Mərkəzi Bank inflyasiyanın daha çevik idarə olunmasına imkan verən pul siyasəti rejiminin tətbiqi şərtlərinin reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Orta müddətli dövrdə bu şərtlərin tədricən həyata keçməsi daha çevik məzənnə rejiminin tətbiqi imkanlarını artıracaq"- deyə, E.Rüstəmov vurğulayıb.
yap.org.az