PDF Oxu

Siyasət

  • 6

Əli Həsənov: Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarmaq hər bir vəzifəli şəxsin borcudur

Əli Həsənov: Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarmaq hər bir vəzifəli şəxsin borcudur

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun qəbul edilməsi, müvafiq dövlət proqramının, milli fəaliyyət planının və digər hüquqi-normativ sənədlərin təsdiq olunması ilə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası yaradılmışdır. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, həmçinin "ASAN xidmət" kimi innovativ strukturun formalaşdırılması, "Elektron Hökumət" proqramının tətbiqi və s. əyani şəkildə göstərir ki, bu sosial problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqmətlərindən birini təşkil edir." Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend İnformasiya Agentliyinə müsahibəsində bildirmişdir.

Əli Həsənov qeyd etmişdir ki, Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində görülən işləri vurğulamaqla, bu sahədə institusional, sistem və inzibati, cəza xarakterli tədbirlərin daha səmərəli şəkildə davam etdirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı strateji hədəf kimi Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olması üçün zəruri tədbirlərin həyata keçiriləcəyini bəyan etmişdir. Son 10 ildə Azərbaycan sürətli və dinamik inkişaf yolu keçmiş, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir, xalqımız həyata keçirilən siyasətə böyük dəstək verir. Buna görə də hansısa subyektiv amillərin əldə olunmuş mühüm uğurlara kölgə salmasına imkan verilməməlidir və verilməyəcək.

"Qarşıdan gələn dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdiriləcək, lakin sistem xarakterli tədbirlərə daha çox üstünlük veriləcək. Eyni zamanda, dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması, ictimai nəzarət mexanizminin stimullaşdırılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normalara uyğun tənzimlənməsi, dövlət qulluqçularının məsuliyyəti, Vətənə sədaqətli xidmət kimi məsələlər diqqət mərkəzində olacaqdır. Bu norma və prinsiplərə əməl etməyən, öz işində ardıcıl nöqsanlara yol verən dövlət qulluqçuları, vəzifəli şəxslər ya Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarıb öz işlərində dönüş yaratmalıdırlar, ya da qanunun sərt üzü ilə üzləşəcəklər."-deyə, Əli Həsənov qeyd etmişdir.

yap.org.az

Digər xəbərlər