"Ötən gün Britaniya Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debat keçirməklə öz aləmində xeyirxah iş görmək istəyib. Lakin qaş düzəldən yerdə, göz çıxarıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, ötən gün Britaniya Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə qeyri-səmimi münasibət bəslənilib: "Onlar bildirirlər ki, guya 20 il bundan qabaq münaqişə ilə bağlı müharibə olub və bitib. 20 il bundan qabaq təcavüzkar müharibə olub. Məsələyə bu dərəcədə bəsit, qeyri-səmimi şəkildə yanaşmaq olmaz. Britaniya Parlamenti məsələni müzakirə etməmişdən qabaq problemin anatomiyasını araşdırmalı, ona düzgün siyasi qiymət verməli idi. Onlar bu cür çıxışla Ermənistanın Dağlıq Qarabağda "Milli Azadlıq" müharibəsi getdiyi ilə bağlı yaydığı fikirləri təsdiqləmiş oldular. Axı bu belə deyil! Britaniya Parlamenti ya hadisələrin mahiyyətinə varmaq istəməyib, ya da müzakirə etmək xətrinə müzakirə edərək tərəflərə ritorik müraciət ünvanlayıb. Əslində isə onlar münaqişənin həlli ilə bağlı dəqiq fikir söyləməli, ATƏT-ə düzgün, dəqiq tövsiyyələr verməli idilər".Politoloq həmçinin bildirib ki, Britaniya kimi Azərbaycan da öz ərazi bütövlüyünü qorumaq istəyir: "Şotlandiya İngiltərədən ayrılmaq istəyir, lakin Britaniya ayrılmaması üçün onu dilə tutmağa çalışır. Bundan başqa Britaniya uzun illərdir ki, ərazi bütövlüyünün xətrinə Şimali İrlandiyada müharibə aparır. Əgər Britaniya öz ərazi bütövlüyünü qorumaq istəyirsə, biz də öz ərazi bütövlüyümüzü qorumaq istəyirik. Onsuzda torpaqlarımızın bir qismi İranın suverenliyi, bir qismi Ermənistanın işğalı, bir qismi də Rusiyanın itaəti altındadır. 50 milyonluq Azərbaycan xalqı bir neçə dövlət arasında parçalanıb. Azərbaycan bütöv parçalanma faktını hələ gündəmə gətirməsə də, 20 il bundan əvvəl baş verən hadisələrə düzgün qiymət verməyi, hadisələrin beynəlxalq hüquq normalarına uyğun həllini tələb edir. Bəziləri söyləyirlər ki, Dağlıq Qarabağ məsələsinin həlli çox mürəkkəbdir. Lakin həmin insanlardan soruşmaq lazımdır ki, bu məsələnin nəyi mürəkkəbdir? Bir dövlət başqa dövlətə hücum edərək ərazisini islah edib. İşğala məruz qalan dövlət də öz torpaqları uğrunda mübarizə aparır. Burada çətin nə var ki? Biz sözlə, Qərb hər zamanki kimi ikili standartlılıq, xristian təşəbbüskarlığından kənara çıxa bilmir. Məsələlərə də düzgün qiymət vermir".
sia.az