Bu gün Yeni Azərbaycan Partiyasının Humanitar məsələlər komissiyasının iclası keçirilib. SİA-nın məlumatına görə, Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov iclasın gündəliyi haqqında məlumat verib. Y.Hümbətov bildirib ki, YAP İdarə Heyətinin qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb. Onlardan biri də Humanitar məsələlər komissiyasıdır. İclasda ilk olaraq təşkilati məsələyə baxılıb və YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Humanitar məsələlər komissiyasının sədr müavini seçilib.Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunub. Y.Hümbətov bildirib ki, iş planına Xocalı və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi konfransların keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, komissiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü, bölgələrdə Azərbaycanın tarixi və görkəmli şəxsiyyətlərinə həsr olunmuş beynəlxalq konfranslar, YAP fəalları ilə hərbi hissələrdə vətənpərvərlik və qəhrəmanlıq tarixinə və digər əlamətdar hadisələrə dair tədbirlər keçirəcək. Müzakirələr zamanı komissiyanın üzvləri 2014-cü ilin iş planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda komissiyanın iş planı qəbul olunub.Xatırladaq ki, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətovun sədrlik etdiyi Humanitar məsələlər komissiyasına Azərbaycan Prezidenti Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, YAP Siyasi Şurasının üzvləri- Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, İradə Hüseynova və Həsən Mirzəyev daxildir.
sia.az