Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi qeyd olunacaq
Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açan, maarifçilik ideyalarının bərqərar olmasında mühüm xidmətləri olan belə bir simanın Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şairinə olan diqqətin ifadəsidir. Milli ictimai fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə imzalanan Sərəncam böyük mütəfəkkirin ictimai-mədəni həyatının, yaradıcılığının müasir zamanda geniş şəkildə təqdimində əhəmiyyətli sənəddir. Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Abbasqulu ağa Bakıxanov tarixçi, şair, maarifçi kimi Azərbaycan tarixində iz salmışdır. O, 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edib, Türkmənçay müqaviləsinin imzalanmasında tərcüməçi kimi iştirak edib. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. "Qüdsi" təxəllüsü ilə şeirlər yazıb.
Onun keçdiyi tarixi yol zəngin və çoxşaxəlidir. Qeyd edim ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada Əmsar kəndində yaşamış- yarımçıq, qalan təhsilini davam etdirmişdir. 1819-cu ildə Bakıxanov general Yermolovun dəvəti ilə Tiflisə gəlib, Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.
Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, "Hərflər", "Kəlmələr" və "Cümlə" adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir. 1826-1828-ci il Rusiya - İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. "Qanuni-Qüdsi"də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir.
"Qanuni-Qüdsi" əsərindən sonra Abbasqulu ağa Bakıxanov coğrafiya və astronomiya elmləri ilə məşğul olur. Böyük alimin Rusiyaya səyahətinin və müxtəlif ölkələri gəzməsinin bir səbəbi də coğrafiyaya olan meyil və marağı idi. Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", o birisi "Ümumi coğrafiya"dır. Hər iki əsər fars dilində yazılmışdır. İki fəsildən ibarət olan "Kəşfül qəraib" Amerikanın Xristofor Kolumb tərəfindən kəşf olunmasından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs dir. Yarımçıq qalan "Ümumi coğrafiya" əsəri haqqında müəllif özü belə məlumat verir: "Bu əsər farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir".
"Kəşfül-Qəraib" Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa Bakıxanov "Məriz" təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir.
A.Bakıxanovun fars dilində yazdığı "Ümumi coğrafiya" kimi qiymətli əsəri əlimizdə yoxdur. "Gülüstani-İrəm"də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib vəziyyətindən bəhs etmişdir. Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldu ki, müəllif ərəb dilində "Əsrarül-Mələkut"u yazarkən özünün "Ümumi coğrafiya" əsərindən müəyyən qədər istifadə etmişdir. "Əsrarül-mələküt" əsərinin müqəddiməsində həmin əsərin "Ümumi coğrafiya" kitabının "riyazi hissəsindən" götürüldüyü qeyd olunur. 30-cu illərdə Abbasqulu ağa Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur.
Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri "Təhzibül-əxlaq", digəri isə "Kitabi-nəsihət"dir. "Təhzibül-əxlaq" əsəri Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Bu əsərdə Abbasqulu ağa Bakıxanov nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqə və münasibətini təyin etməyə çalışır. Elmlə əməlin bir-birindən asılı olduğunu izah edərkən, elmə üstünlük verir.
"Təhzibül-əxlaq"dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci pedaqoji əsəri "Kitabi-nəsihət" və ya "Nəsihətnamə"dir. "Kitabi-nəsihət"də dini nəsihətlərdən sonra dövlət başçısına, ata-anaya, böyüklərə itaət və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məişət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir.
Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqat nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətlərində əsər haqqında "mənim uzun illər zəhmətimin məhsuludur" - deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu Şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan və rus alimlərinin əsərlərindən istifadə etmişdir. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırkı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir.
"Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş, 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.
Nəzakət ƏLƏDDİNQIZI