"Dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə 2013-cü ildə də ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərin reallaşdırılması istiqamətində mühüm addımlar atıb. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verir". Bu fikirləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.
A.Rəhimov bildirib ki, son on ildə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artıb, silahlı qüvvələrimiz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alıb. Onun sözlərinə görə, ötən müddət ərzində ordu quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılması ilə də ortaya qoyulub.
"Müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili Xidmətinin üzərinə əlavə məsuliyyətlər qoyur. Dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələrin hazırlığı qarşımızda duran mühüm vəzifələrdəndir"- deyə, A.Rəhimov vurğulayıb.
yap.org.az