"Mən Suriyaya döyüşməyə gedən azərbaycanlıları birmənalı şəkildə qınayıram. Azərbaycanlılar Suriyada həlak olmamalıdırlar, Bu müharibə Azərbaycan xalqının müharibəsi deyil. Nəyə görə yad bir ideologiyaya görə, özü də yad bir ölkədə azərbaycanlılar gedib həlak olmalıdırlar?"Bu fikirləri SİA-ya açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyev bildirib.
Müxtəlif yollarla ələ alınaraq Suriyaya gedən azərbaycanlıların orada silahlı qruplaşmalara qoşularaq döyüşməsinə münasibət bildirən G.Baxşəliyeva qeyd edib ki, nəzərə alsaq ki, Azərbaycanın Qarabağ kimi böyük bir problemi var, o zaman azərbaycanlılar Allah yolunda, vətən və torpaq yolunda yalnız Qarabağ uğrunda döyüşlərdə şəhid ola bilərlər:
"Məsələnin başqa bir tərəfi odur ki, bəziləri də ora muzdlu döyüşçü kimi gedirlər. Çünki onlara xeyli miqdarda pul verirlər. Muzdlu döyüşçü həlak olursa, o şəhid hesab oluna bilməz. Digər tərəfdən, ora gedən adamlar Suriyanın inkişaf yolunu, tarixini bilmirlər, bu ölkə haqqında heç nəyə bələd deyillər. Mən şərqüşünas alim kimi o regionun inkişaf yolunu, tarixini gözəl bilirəm. Hesab edirəm ki, Bəşər Əsəd rejimi o xalqın inkişafı üçün daha məqbuldur, nəinki oradakı silahlı müxalifət qruplaşmaları. Siyasi dəyişiklərə topla tüfənglə nazil olunmaz. 2010-cu ilin yayında mən Suriyada oldum. Gördüm ki, Bəşər Əsəd sivil rejim qurub, insanlarda ona qarşı simpatiya var idi. Suriyada silahlı qruplaşmaların başında Liviyada Qəzzafini devirən insan durub. Qəzzafini devirən adam Suriyada bu müharibəni aparır".
sia.az