PDF Oxu

Siyasət

  • 4

Müdriklik, ziyalılıq simvolu

Müdriklik, ziyalılıq simvolu

Bu gün Azərbaycanın görkəmli ictimai xadimi, akademik Arif Paşayevin 80 yaşı tamam olur

Azərbaycanın elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti ilə seçilən və bu keyfiyyətləri ilə ölkəmizin adını dünyada tanıtdıran böyük simaları olmuş bizlər bu gün də belə insanların müasirləriyik. Azərbaycanın görkəmli alimi, pedaqoqu, elm və təhsil təşkilatçısı, ictimai xadimi, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayev də belə nurlu ziyalılardandır. Elmi fəaliyyəti, elmi kəşfləri, nailiyyətləri ilə yanaşı, insani keyfiyyətləri, müdrikliyi, vətənpərvər, humanist ruhlu olması ilə. Geniş dünyagörüşlü, möhkəm iradəli, dərin bilikli, təvazökar olan Arif Paşayevin bu gün 15 fevral tarixində 80 yaşı tamam olur. 80 illik ömrün yaradıcısına çevrilən Arif Paşayevin həyat yolu məxsusi dəyərlərin fövqündə, elmi fəaliyyətində maraqlı bir tarixdir. Hər kəsə nəsib olmayan bir ömür tarixi. Onun fərqli dünyasının ilk səhifələri Mir Cəlal Paşayev kimi bir insanın ocağında dünyaya gəlməsi ilə açılır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və əsərləri ilə hər bir oxucunun yaxın dostu, sirdaşı olan Mir Cəlal Paşayev. Oxucu dostu olmaq hər bir yaradıcı insanın sənət payına düşmür. İnsan həyatına bələd olmaqla, qəhrəmanlarını sevərək yaratmaqla, psixoloji məqamları duyaraq qələmə almaqla Mir Cəlal milyonların yazıçısı - xalq yazıçısı oldu. Xalqın dilində, mədəniyyətinə, tarixinə bələd bir ziyalı kimi yazıb-yaratdı. Belə bir məktəbi sezərək və əsil ziyalı, yazıçı ailəsində tərbiyə alan Arif Paşayev zamanın tarixiləşən anlarını yaddaşına həkk edib vətəndaşlıq mövqeyinin, ziyalılığın nə olduğunu elə ailəsində əxz etdi. Uşaq yaddaşı onun gələcək həyat və fəaliyyətində mayaka çevrildi.

Zaman öz işini görür. Onillikləri arxada qoyan Arif Paşayev bir nəslin şəcərsinin davamçısı olaraq ailə ənənəsinə sadiq qaldı və bu ailədə Azərbaycan adını dünyada tanıtdıran insanları yetişdirdi. Bəli, bu gün Arif Paşayev 80 yaşlı müdrik, kamil insan olaraq vətən, xalq qarşısında alnıaçıqdır, qürurludur. Keçdiyi həyat yolunun hər zamanında özü əməlləri ilə parlaq səhifələr yaradıb. Bu səhifələrdən bu gün oxuduqlarımız Azərbaycan ziyalısının, aliminin ömür-günü ilə bağlı olan bir hesabatıdır. Heç kəsdən gizli və sirli olmayan hesabatıdır.

1934-cü il fevralın 15-də Bakıda anadan olan Arif Paşayev orta təhsilin Bakıdakı 164 nömrəli orta məktəbdə almışdır. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, elə həmin il əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) laborant vəzifəsində başlamış, Azərbaycan Elmlər Akademiyasında isə fəaliyyətini davam etdirmişdir. 1958-ci ildə AEA Astrofızika sektorunda kiçik elmi işçi olmuşdur. 1959-cu ildən isə AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir.

Arif Paşayev 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etmişdir. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmiş, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etmişdir. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur.

1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilmişdir. Dərslərin daha ətraflı və səmərəli keçirilməsi məqsədilə elmi dərəcəsi olan müəllimlərlə bərabər, aviasiya sahəsində böyük təcrübələri olan mütəxəssislər də tədris prosesinə cəlb olunmuş, burada yeni fakültələr, kafedralar açılmışdır. Akademiyada əvvəllər rus dilində olan fakültələrlə yanaşı, Azərbaycan dilində də fakültələr yaradılmışdır. Hazırda Aviasiya Akademiyasında 6 fakültə, 24 kafedra fəaliyyət göstərir. Burada "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kimi kafedra və yeni ixtisaslar açılmışdır. Akademiyanın ərazisində yeni tədris korpusu, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və s. binalar inşa edilmişdir.

Milli Aviasiya Akademiyasının beynəlxalq əlaqələri də Arif Paşayevin rəhbərliyi altında genişlənir və müasirləşir. Beynəlxalq proqramlara qoşulur və elmi-texniki layihələrdə fəal iştirak edir. Hazırda təhsil ocağının Türkiyə, Rusiya, İspaniya, İtaliya, Avstriya, Macarıstan, Çexiya və bir sıra başqa ölkələrlə beynəlxalq əməkdaşlıq əlaqələri yeni və yüksək inkişaf mərhələsindədir. Azərbaycan Milli Aviasiya Akademiyası MDB ölkələri arasında, Avropa Universitetləri Assosiasiyasına tamhüquqlu üzv kimi qəbul olunmuş ilk ali təhsil müəssisələrindən biridir. Akademiyaya Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) sertifikatı təqdim olunmuşdur.

Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir. Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.

Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması işində gərgin, müntəzəm şəkildə apardığı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti, akademiyada sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi alimin yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına sübutdur.

Akademik Arif Paşayev 300-dən artıq elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunmuşdur. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Yusif Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. "VEKTOR" - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilmişdir.

Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 70 illik yubileyində 2004-cü il fevralın 15-də Vətənimizin daha bir yüksək mükafatına - "Şöhrət ordeni"nə layiq görülmüşdür. Şaxəli fəaliyyətdə olan Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.

Akademik Arif Paşayevin rəhbərliyi altında 10-dan çox aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. O, eyni zamanda iki doktorluq dissertasiyasının məsləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir. Onun elmi fəaliyyətinin göstəricisi olan bu amillər Arif Paşayevin yüksək elmi-praktiki potensiala malik olduğunu bir daha göstərir. Təbii ki, bütün potensialını həyatı boyu elmə, çoxcəhətli fəaliyyətə sərf etmək yüksək vətəndaşlıq məsuliyyətinin göstəricisidir. Hər bir gəncə nümunə ola biləcək bir ömür yoludur.

Arif Paşayevi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı arzulayırıq!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər