"Bu bir faktdır ki, hazırda dövlətin əsaslarını sarsıda və ölkənin imicini zərbə altında qoya biləcək korrupsiya kimi sosial bəlaya qarşı Azərbaycanda sistemli mübarizə aparılmaqdadır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Millət vəkili qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib: "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun qəbul edilməsi, müvafiq dövlət proqramının, milli fəaliyyət planının və digər sənədlərin təsdiq olunması ilə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası yaradılıb. Eyni zamanda, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, "ASAN xidmət"in formalaşdırılması, "Elektron Hökumət", "elektron ödəmələr" proqramlarının tətbiqi əyani şəkildə göstərir ki, bu bəlanın aradan qaldırılması dövlətin prioritetləri sırasındadır"."Artıq bu sahədə çox ciddi nəticələr əldə olunub"-deyə qeyd edən millət vəkili onu da bildirdi ki, bunu dünyada "şəffaflıq etalonu" kimi qələmə verilən Avropanın bir çox dövlətlərindəki vəziyyətlə müqayisə etdikdə də aydın görürük: "Avropa İttifaqı (Aİ) bu regiondakı ölkələrin iqtisadiyyatındakı və sosial həyatındakı rüşvətxorluq və korrupsiya hallarının vəziyyətini əks etdirən hesabatına baxarkən, görürük ki, Avropa İttifaqına üzv olan 28 ölkə arasında ən çox korrupsiya faktı Yunanıstan, İtaliya və İspaniyada qeydə alınıb. Avropalıların 76 faizi hesab edir ki, ölkələrində korrupsiya geniş yayılıb. 50 faiz isə hesab edir ki, son üç ildə ölkələrində korrupsiyanın həddi artıb. Hər 20 avropalıdan biri korrupsiya faktının şəxsən iştirakçısı olduğunu deyir. Avropadakı 10 biznesmendən 4-ü isə hesab edir ki, rüşvət vermədən inkişaf etmək olmaz. Bununla belə, Avropa ölkələrindən Yunanıstanda, İtaliyada, İspaniyada, Fransada, Belçikada, Avstriyada, Britaniyada, Almaniyada və digər ölkələrdə korrupsiyanın səviyyəsi 60-90 faiz arasında dəyişir. Bütün bunların fonunda korrupsiyaya qarşı sərt mübarizə aparan Azərbaycanda isə antikorrupsiya tədbirlərinin geniş vüsət alması ölkəmizin şəffaflıq indekslərinin ilbəil yaxşılaşmasına səbəb olmaqdadır. Çünki, dövlət başçısı strateji hədəf kimi Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olması üçün zəruri tədbirlərin həyata keçirildini bəyan edib".Sədaqət Vəliyeva vurğulayıb ki, korrupsiya və məmur özbaşınalığı ilə mübarizədə ortada siyasi iradə var, sistemli islahatlar həyata keçirilir: "Dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması və sosial bəlanın kökünün kəsilməsi üçün ictimai nəzarət mexanizminin stimullaşdırılması vacibdir. Artıq zaman vətəndaş cəmiyyətinindir, ictimaiyyətindir. Bu sektora aid bütün nümayəndələr mübarizə işində iştirak edən bütün tərəflərə yardım etməlidir. QHT-lər, ictimai birliklər, KİV və cəza orqanları vahid fəaliyyət formulu üzrə işini qurmalı və Azərbaycanı şəffaflıq baxımından ən nümunəvi ölkəyə çevirməliyik.Bu işdə həmçinin, bundan sonrakı məsuliyyət dövlət qulluqçularının, məmurların üzərinə düşür. Nə qədər dövlət qulluqçuları məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normalara uyğun tənzimlənməsinə çalışsa, Vətənə sədaqətlə xidmət etsə, xarici qüvvələrin təsirinə düşmək meyllərindən uzaq olsa, o zaman dünyada bütün parametrlər üzrə nümunəvi bi məmləkət qurmuş olarıq. Düşüncəm ondan ibarətdir ki, biz bu gün üzərimizə düşən məsulliyyəti dərk etməli və korrupsiya kimi sosial bəlanı gələcək nəsillərə miras qoymamalıyıq".
sia.az