"Bəziləri Bidzina İvanaşvili hakimiyyətinin fərqli gələcək vəd etdiyini və bunun da ölkəmizlə münasibətlərə müəyyən dərəcədə təsir edəcəyini deyirdilər. Hətta İvanaşvilinin özü də ilk bəyanatlarında bu istiqamətdə bizim nəzərlərimizə görə yanlışlıqlara yol vermişdi. Nəticə olaraq proses tənzimləndi və onların hər biri dərk etdi ki, Azərbaycan Gürcüstanın bugünkü iqtisadi və siyasi yüksəlişində mühüm rol oynayır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Zahid Oruc Gürcüstanın yeni seçilən prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfərinin nəticələrini şərh edərkən deyib.Onun sözlərinə görə, Gürcüstanın idarəçilik sisteminin dəyişilməsinə baxmayaraq, hökumət və onun rəhbəri əsas şəxsə çevrilib: "Gürcüstan-Azərbaycan münasibətlərinin daha üst səviyyədə qalması, əlaqələrin strateji tərəfdaşlıq müstəvisində davam etməsi hər iki ölkənin siyasi elitasının arasındakı münasibətdən çox asılıdır. Bu iki ölkənin münasibətləri bölgənin geopolitikasına təsir edir. Buna görə də Gürcüstanın yeni prezidentinin Azərbaycana səfərini əhəmiyyətli hesab edirəm. Əminəm ki, gələcək dövrdə həmin ölkənin digər siyasi nümayəndələri də ölkəmizə təşrif buyuracaqlar və nəticə etibarilə bütün baş verənlər yeni əlaqələrə yol açacaq".
sia.az