PDF Oxu

Siyasət

  • 8

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Din və dövlət münasibətləri milli maraqlar kontekstində

Uzun əsrlərdir ki, islam dininə bağlı olan Azərbaycan xalqı, hər zaman bu din vasitəsilə öz tolerantlığını, eləcə də millətlərarası münasibətlərin inkişaf etməsində maraqlı olmuşdur. Belə ki, Azərbaycanda milli tolerantlıq amili hətta din dövlətdən ayrı olsa belə müştərək şəkildə inkişaf edərək, digər ölkələrdən müsbət fərqliliyi ilə seçilməkdədir. Çoxmillətli Azərbaycan xalqı dinindən, inancından asılı olmayaraq, bir faktor kontekstində - dövlətçilik maraqlarının qorunması ətrafında birləşmişdir. Söz yox ki, bu faktın özü ölkədə millətlərarası inkişaf zəminində yüksək meyar, mühüm və ali dəyər kimi qiymətləndirilir. Bu gün Azərbaycanda millətindən, dinindən asılı olmayaraq, xalqlar öz dini, milli bayramlarını, ən yüksək səviyyədə qeyd edirlər. Əlbəttə ki, bu ənənənin yaradılması, yaşadılması arxasında da mühüm siyasi dəyərləndirmələr, insanların bu istiqamətdəki maraqlarını təmin edən xüsusiyyətlət mövcuddur.

Bu baxımdan, qeyd etmək olar ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu yöndə müəyyənləşdirdiyi siyasi kurs da həmin amillərin qorunub-saxlanılmasında müstəsna rol oynamışdır. Məhz Onun siyasi iradəsi, hadisələri yüksək dəyərləndirməsi faktoru Azərbaycan xalqının mədəni-mənəvi irsinə, adət-ənənələrinə, milli dəyərlərinə xüsusi ahəng və çalarlar qatmışdır. Məhz 1993-cü ildən başlayaraq, Azərbaycanda itirilməkdə olan müstəqilliyini qoruyub-saxladıqdan sonra dini abidələrə, məscidlərə, kilsə və məbədlərə ehtiyatla, böyük həssaslıqla qayğı göstərlməyə başlanıldı. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi, çoxmillətli Azərbaycan xalqının milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşdı.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş tarixi əhəmiyyətli Konstitusiyada hər bir ölkə vətəndaşlarının vicdan, etiqad azadlığı birmənalı təsbit edildi. Bu gün Azərbaycanda din dövlətdən ayrı olsa da, Ulu Öndər Heydər Əliyev cəmiyyətin saflaşmasında, insanların mənəvi kamilləşməsində tolerantlığın əhəmiyyətli rolunu daim önə çəkir, bu istiqamətdə sözügedən faktorun əhəmiyyətli məqamlarını xüsusi olaraq qeyd edirdi.

Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasəti Onun layiqli davamçısı Prezident İlham Əliyev Cənabları qətiyyətlə və uğurla davam etdirməkdədir. Azərbaycan Prezidenti bu fikirdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın, o cümlədən, etnik xalqların özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir. Təbii ki, bu milli tolerantlığın bariz nümunəsi kimi dəyərləndirilməkdə olan ən uğurlu, ən mütərəqqi addımlardan biridir. Eyni zamanda ölkə başçısının bu kimi təşəbbüsləri reallaşdırması din və dövlət arasında yaradılmış və təməlləri möhkəm sütunlara dayanmış körpü rolunu oynamaqdadır.

Cənab İlham Əliyev son 10 ildə tarixi-mədəni irsin, Azərbaycanda yaşayan xalqların milli-mənəvi dəyərlərinin dirçəldilməsi, xüsusən də, müxtəlif dini ziyarətgahların, kilsə və məscidlərin, qədim məbədlərin, inanc yerlərinin əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin bu müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilən fikirləri bir daha təsdiqləyir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan və müxtəlif dinlərə etiqad edən dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, müxtəlif dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi Azərbaycan xalqı arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu səbəbdən, bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz inanclarını, etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə çoxsaylı dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü kimi qiymətləndirilə bilər.

Sözügedən kontekstdə Azərbaycanın dini-etnik sivilizasiyaların, tolerantlığın, millətlərarası münasibətlərin qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondunun da yorulmaz fəaliyyətini də xüsusi olaraq göstərmək mümkündür. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası, millətlərarası dialoq, tolerantlıq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Məhz fondun səyi ilə Azərbaycanla İslam Konfransı Təşkilatı (İKT) ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İKT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda, tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Artıq Heydər Əliyev Fondu özünəməxsus dəyərləri ilə seçilən Azərbaycan tolerantlığını xarici ölkələrdə də təbliğ edir. Vatikanda, Fransada, Böyük Britaniyada Avropanın digər ölkələrində fond tərəfindən kilsələrdə, tarixi abidə kimi qorunub-saxlanılan məbədlərdə təmir-bərpa işləri aparılmış, bununla da sübut olunmuşdur ki, Azərbaycanda mövcud olan tolerantlıq hətta sərhədləri belə aşmaq gücünə malikdir. Buna ən bariz misal kimi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda yerləşən müqəddəs sakofakların təmir-bərpa işlərini öz üzərinə götürməsini qeyd etmək mümkündür.

Digər tərəfdən, belə təşəbbüslərin reallaşmasında dövlətin, dövlət rəhbərliyinin də atdığı addımlar öz əhəmiyyətini sərgiləyir. Çünki dəyərlərin qorunub saxlanılması amili Prezident İlham Əliyev siyasətinin əsas istiqamətlərindəndir. Söz yox ki, bu da dövlətin din amilinə göstərdiyi diqqət və qayğının bariz nəticəsi kimi qiymətləndirilməkdədir. Azərbaycan Prezidenti Azərbaycanda islama, xristianlığa, iudaizmə və digər dinlərə tolerant münasibətin olduğunu öz çıxışlarında dəfələrlə vurğulayıb: " Din-dövlət münasibətlərinin düzgün zəmində qurulması hər bir dövlət, xüsusilə gənc dövlətlər üçün önəmlidir. Xüsusilə, tam başqa bir ictimai quruluşda, ateizm şəraitində yaşamış dövlət üçün bu münasibətlər, demək olar ki, sıfırdan qurulmalı idi və quruldu da. Əlbəttə ki, bu münasibətlərin düzgün istiqamətdə inkişafı bizim gücümüzü daha da artırdı, cəmiyyətdə mövcud olan sağlam ab-havanı və gələcək üçün gözəl imkanları yaratdı. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Ulu Öndər Heydər Əliyevin bu sahədəki təşəbbüsləri xalq tərəfindən, dindarlar tərəfindən yüksək qiymətləndirilmişdir".

Millətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Cənab Prezident Azərbaycanı digər ölkələrə nümunə göstərərək vurğulamışdır: "Bəzi hallarda başqa ölkələrdə yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə deyildir. Ona görə bir daha əldə edilmiş bütün bu nailiyyətləri düzgün təhlil edərək deyə bilərik ki, bu, bizim böyük sərvətimizdir, böyük xoşbəxtliyimizdir. Biz bu dəyəri qorumalıyıq və qoruyacağıq. Dövlət öz tərəfindən üzərinə düşən vəzifələri icra edir. Çox şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid mövqedən çıxış edirlər".

Prezident İlham Əliyevin bu kimi əhəmiyyətli mövqeyini təhlil edərkən həm də belə qənaətə gəlməyə zəmin yaradılır ki, Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması təməli əsaslara söykənib və bu təməli dağıtmağa, onu öz məqsədləri üçün istifadə etməyə heç bir xarici təsirin gücü yetməz. Beləliklə, artıq tam əminliklə bu nəticəyə gəlmək mümkündür ki, Azərbaycan dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından ən nümunəvi ölkələrdən biridir.

Fətulla Həsənov,

"Səs" qəzetinin baş redaktor müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Digər xəbərlər