"Azərbaycan, Türkiyə və Gürcüstan son illər ərzində həyata keçirdikləri iri layihələrlə dünyanın diqqətini öz üzərilərinə cəlb edə biliblər". Bu fikri Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
E.Aslanov bildirib ki, hər üç ölkənin əlaqələri strateji xarakter daşımaqla yanaşı qədim tarixə söykənir. Onun sözlərinə görə, hər üç ölkə TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Böyük İpək Yolu kimi layihələrin əsas iştirakçısıdırlar. Hazırda yeni layihələr müzakirə olunur.
"Bu üçlük nəinki öz xalqlarının, digər xalqların da rifahına töhfə verməklə dünya ictimaiyyətinin diqqətini, özünə cəm edə bilib. Azərbaycanın regional baxışının özəlliklərinə etibarlı tərəfdaş olmaq, ümumi məqsədlərdə sadiqlik xasdır. Təəssüf ki, Ermənistan region dövlətləri üçün problemlər yaradır. Ermənistanın ərazi iddiaları tək Azərbaycana qarşı deyil, həm də Türkiyə və Gürcüstana qarşıdır. Nə qədər ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməyib regionda dostluğun, əmin-amanlığın, sülhün bərqərar olmasında maneələr yaranacaq"- deyə, E.Aslanov vurğulayıb.
yap.org.az