"Xocalıda Azərbaycan xalqına, dövlətinə qarşı bəşər tarixində görünməyən bir soyqırımı törədildi və bu erməni işğalçılarının bəşəri cinayəti kimi qəbul olunmalıdır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində aparılan işlərə münasibətini açıqlayarkən bildirib."Ümumiyyətlə, Xocalı soyqırımı insanlığa qarşı törədilən ən dəhşətli faciə idi. Xocalı soyqırımı hər il ölkəmizdə dövlət, parlament səviyyəsində yad edilir" - deyə qeyd edən YAP rəsmisi onu da vurğuladı ki, soyqırımın dünyada tanıdılması üçün bir sıra beynəlxalq təşkilatların iclaslarında Xocalı soyqırımı haqqında geniş məlumatlar verilir: "Bu ilin fevral ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının 20 illiyinə həsr edilən iclasında Azərbaycanın nümayəndə heyəti soyqırımı barədə geniş məlumat verdi. Azərbaycanın müxtəlif dövlət, siyasi strukturları bu istiqamətdə təbliğat işləri aparırlar. Bir sıra xarici dövlətlərdə parlament səviyyəsində müzakirələrin aparılmasını dövlətimizin bu istiqamətdə apardığı uğurlu təbliğatın nəticəsi hesab edirəm. Meksikanın paytaxtında Xocalı soyqırımı qurbanlarının xatirəsinə Tlakskoake–Xocalı meydanının istifadəyə verilməsi və abidənin ucaldılması buna nümunə sayıla bilər".
sia.az