"Gənclər üçün bu gün daha aktual və həyata keçirilməsi zəruri olan məsələlər müvafiq Dövlət proqramının tədbirlər planında öz əksini tapıb". Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
İ.Babayev bildirib ki, dövlət gənclər siyasətinin ən vacib istiqamətlərindən biri vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin həyata keçirilməsidir. Onun sözlərinə görə, gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi sahəsində bir çox işlər görülüb.
"Bununla bağlı respublikanın bir çox rayon və şəhərlərində məktəblilər arasında "Şahin", "Sərhəd" hərbi-idman, "Cəsurlar" hərbi-idman və turizm oyunları, "Azərbaycançılıq məfkurəsi və gənclik" adlı təbliğat kampaniyaları, gənclər üçün "Azərbaycan-doğma diyarımdır" adlı vətənpərvərlik yay istirahət düşərgələri, "Hünər" VIII Vətənpərvərlik mahnıları festivalı keçirilib. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı ilə əlaqədar nazirlik tərəfindən istedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının ilkin versiyası, proqram təminatı və əsasnamə layihəsi hazırlanıb"- deyə, İ.Babayev qeyd edib.
yap.org.az