Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına dəstək olaraq xaricdəki diplomatik nümayəndəliklərə, Avropa Parlamentinə, ATƏT-ə, BMT-yə, beynəlxalq gənclər təşkilatlarına Xocalı həqiqətləri ilə bağlı e-mail-lər göndərməyə başlayıb. Bu barədə SİA-ya YAP GB-nin sədri Seymur Orucov açıqlamasında deyib.Onun sözlərinə görə, aksiyaya yanvar ayının ortalarından start verilib. S.Orucov vurğulayıb ki, YAP GB-nin üzvləri Xocalı ilə bağlı fləşmob keçirməyi də planlaşdırır: "Xocalı Azərbaycan xalqının ümummilli faciəsidir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi faciənin dünyada tanıdılması və bu vəhşilikləri törədən erməniləri ifşa etmək istiqamətində hər zaman aktiv iştirak edir və bundan sonra da əlimizdən gələni əsirgəməyəcək. Belə ki, biz Xocalıdan olan qaçqın və məcburi köçkün ailələrinin evlərinə gedəcək, onlara diqqət və qayğımızı göstərəcəyik. Biz bunu etməklə onlara göstərmək istəyirik ki, illər keçməsinə baxmayaraq gənclər bu faciəni unutmur və hər zaman onların yanındadırlar. Həmçinin biz "Ana fəryadı" abidəsinə ziyarət edəcək, 22 il bundan əvvəl baş verən faciədə həlak olanların əziz xatirəsini anacağıq".YAP GB sədri "Xocalıya Ədalət" adlı dəyirmi masa keçirəcəklərini də qeyd edib: "Ofisimizdə baş tutacaq dəyirmi masada Qarabağ bölgəsindən seçilən millət vəkilləri və gənclər iştirak edəcək. Tədbirdə Xocalı həqiqətləri, prosesin baş vermə səbəbləri müzakirə ediləcək. Bütün bunlar həyata keçirəcəyimiz tədbirlərin bir qismidir. Biz faciə ilə bağlı bir çox tədbirlər keçirməyi nəzərdə tutmuşuq. YAP GB faciəni təkcə soyqırımı ərəfəsində deyil, həmçinin bütün il boyu yad edir və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində yardımçı olmağa çalışır".
sia.az