Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!" devizi altında təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHDÇX) və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işi üzrə Komitənin sədri Ruslan Auşev, Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin nümayəndələri, millət vəkilləri iştirak ediblər.Tədbirdən öncə təltifetmə mərasimi keçirilib. SHDÇX-nin rəisi, general-leytenant Arzu Rəhimov və MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işi üzrə Komitənin sədri Ruslan Auşev təltif edilənlərə "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 ilik xatirəsinə" yubiley medalını təqdim ediblər.
sia.az