PDF Oxu

Siyasət

  • 10

Qabil Hüseynli: “Ukraynada çox ciddi dəyişikliklərin baş verməsinə ehtiyac var”

Qabil Hüseynli: “Ukraynada çox ciddi dəyişikliklərin baş verməsinə ehtiyac var”

"Bu gün Ukraynada çox ciddi hadisələr baş verir. Ölkə hakimiyyəti dövləti idarə etmək iqtidarında olmadığını nümayiş etdirməklə yanaşı, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün konkret yollar göstərə bilmir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Ukraynada baş verən hadisələri şərh edərkən deyib.Onun sözlərinə görə, belə bir şəraitdə ölkə vətəndaş qarşıdurmasına doğru sürüklənməkdədir: "Ukrayna bütün dünya tərəfindən təcrid olunma mərhələsinə gəlib çatıb. Düşünürəm ki, indiki şəraitdə Ukraynada çox ciddi dəyişikliklərin baş verməsinə və bu dəyişikliklərin beynəlxalq qurumlar tərəfindən ciddi nəzarət altına alınmasına ehtiyac var. Artıq iki gündür ki, başlanan ciddi qarşıdurmalarda onlarla insanın qanı tökülüb. Bu hərəkat paytaxtda baş versə də, dərhal ölkənin bir çox ərazilərinə sıçrayıb və ölkədə kor təbii vətəndaş itaətsizliyi, hakimiyyətə qarşı vətəndaş qiyamı başlayıb. Proseslər gündən-günə inkişaf edir və hakimiyyət də bu hadisələrin qarşısının alınmasında acizdir. Hakimiyyətin əsas güc strukturlarından olan ordu, polis və digər qurumlar məsələnin həllində o qədər də həvəsli deyillər. Belə olan tərzdə hakimiyyəti güclü hesab etmək olmaz. Ukrayna çox qorxulu və təhlükəli bir vəziyyətə gəlib çatıb. Bu nöqtədə ölkəni Suriya ilə müqayisə etmək olar".Q. Hüseynli vurğulayıb ki, Ukraynada baş verən hadisələrin bir qisminin başında insanların yaxşı yaşaması dayanırsa, bir qisminin arxasında müəyyən qüvvələr dayanır: "Burada iki siyasi xətt toqquşur. Bir tərəfdə Rusiya, digər tərəfdə Avropa Birliyi, Amerika dayanır. Əhalinin böyük hissəsi Qərbə inteqrasiyanı, kiçik hissəsi isə Rusiya ilə münasibətlərin ənənəvi şəkildə saxlanması və Avrasiya təşkilatına daxil olmağı üstün tutur . Seçim xalqın ixtiyarındadır. Ümumilikdə Ukraynada gedən hadisələri qiymətləndirsək, qurbanların sayına baxsaq deyə bilərik ki, ölkədə sakitlik yaratmaq üçün hakimiyyət istefaya getməli və ən azından vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsinə razılıq verilməlidir".

sia.az

Digər xəbərlər