Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün "Qarabağ həqiqətləri" haqqında qısamüddətli kursların keçirilməsinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri" proqramı üzrə qısamüddətlı kursların açılışı olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov kursların keçirilməsinin məqsədlərindən danışaraq bildirib ki, məqsəimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır: "Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin maariflədirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dovlətinin apardığı mühüm işlərə töhfə verməkdir".
Kurslarda ilk olaraq "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri", tarix elmləri doktoru, professor Kərim Şükürov isə "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri" mövzusunda mühazirələr oxuyublar.
Qeyd olunub ki, kurslarda XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906); azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər). DQMV-nin yaradılması və nəticələri; sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri; XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri. Xocalı soyqırımı; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlarda; Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi və s. mövzularda proqram üzrə ayrı-ayrı mütəxəssislər və bu sahənin tədqiqatçıları tərəfinfən mühazirələr oxunacaq. Həmçinin, kusların sonunda dinləyicilərə müvafiq sertifikatkarın verilməsi də nəzərdə tutulubdur.
Sonda bildirilib ki, kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olacaqdır.
ÜLVİ