"Ukraynada baş verənlərə Azərbaycan dövlətinin dəyişməz mövqeyi var. Belə ki, Azərbaycan Ukraynadakı hadisələrə onun öz daxili işi kimi yanaşı və müdaxilə etmir". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli Ukraynada baş verən hadisələrin Azərbaycan-Ukrayna münasibətlərinə təsir etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Azərbaycan sülhün tərəfdaşı olan bir ölkə kimi Ukraynada da siyasi sabitliyin əmin- amanlığın bərqərar olmasında maraqlıdır.Politoloq vurğulayıb ki, Ukraynada baş verənlər yalnız xalqın seçimi əsasında yekunlaşa bilər: "Yalnız Ukrayna xalqının seçimi əsasında ölkədə sabitlik yarana bilər və onların seçimindən asılı olmayaraq, Azərbaycan dövləti Ukrayna xalqının seçiminə hörmətlə yanaşacaq. Ola bilər ki, Ukrayna xalqı indiki prezidentini hakimiyyətdə saxlaya və ya onun hakimiyyətdən getmək seçimini edə bilər. Əgər Ukrayna xalqı indiki hakimiyyəti saxlamağı lazım bilməyib, legitim bir hakimiyyət formalaşdırmaq qərarını vermiş olsa, Azərbaycan bu qərara sayqı duyacaq. Əlbəttə, hər şey qanuni şəkildə, xalqın iradəsi əsasında baş verəcəksə, Azərbaycan Ukraynada baş verən hadisələrə loyal yanaşır və nəticəsindən asılı olmayaraq, bundan sonra da bu yanaşma tərzini üstün tutacaq. Azərbaycan dövləti Ukraynaya yalnız strateji tərəfdaş kimi baxır".
sia.az