Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Yasamal rayon təşkilatının yaranmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digər qonaqlar iştirak edib.Əvvəlcə qonaqlar YAP Yasamal rayon təşkilatının 21 illik tarixi fəaliyyətini əks etdirən video-çarxa tamaşa ediblər.Sonra Fikrət İsmayılov partiyanın yaradılmasından bəhs edərkən bildirib ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır: "Tarixə "91-lər"in müraciəti kimi daxil olan sənəddə həmin dövrün səciyyəvi xüsusiyyətləri öz əksini tapıb. Dahi şəxsiyyət Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. 21 illik şərəfli yol bu fikirlərin təsdiqidir. Ulu öndərin "Dünənin, bu günün və gələcəyin partiyası" deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib".YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova da partiya işlərini lazımi səviyyədə yerinə yetirməyə çalışdıqlarını deyir. Onun sözlərinə görə, təşkilatda birləşən 12180 nəfər qadın ictimai-siyasi fəallıq göstərirlər: "Eyni zamanda, şuranın bir çox ilk təşkilat üzrə strukturları fəaliyyət göstərir. Amma bu fəallıq digər sahələri də əhatə edir. Belə ki, Qadınlar Şurası əlamətdar günlərlə bağlı tədbirlər keçirir, eləcə də qayğıya ehtiyacı olan uşaqlara, əlil qadınlara da maddi və mənəvi dəstək göstərir. Biz iş planına uyğun olaraq fəaliyyətimizi yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Hər il iş planımız təsdiq olunur və buna uyğun hərəkət edirik". YAP Yasamal rayon təşkilatının İdarə Heyətinin üvü Rasim Nəbiyev, rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək partiyanın 21 il ərzində qazandığı uğurlardan və nailiyyətlərdən danışaraq bildiriblər ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan YAP bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Daha sonra YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev rayonun ictimai-siyasi həyatında göstərdikləri fəal xidmətlərinə görə, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılova, təşkilatın sədr müavini Tağı Əhmədova və YAP GB-nın sədri Seymur Orucova diplom və mükafatlar təqdim edib.Sonda bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri verilib.
sia.az