Fevralın 21-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Mərakeş Krallığı parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilər ilə iş üzrə komitəsinin sədri Ali Kəbirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ziyafət Əsgərov qonaqlara Azərbaycanın iqtisadi inkişafı, ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.
Mərakeş parlamentinin komitə sədri Ali Kəbiri Azərbaycanda şahidi olduqları sürətli inkişaf proseslərinin onlarda xoş təəssüratlar yaratdığını bildirmişdir. O, Mərakeş ilə Azərbaycan arasında iqtisadi və siyasi əlaqələrin inkişaf etdiyini söyləmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin münasibətlərin daha da möhkəmlənməsində rolu vurğulanmışdır.
yap.org.az