Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Merilənd ştatının paytaxtı Annapolis şəhərində yerləşən Hərbi Dəniz Akademiyasında ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə iştirak etmişdir.
Akademiyanın kursant və müəllim heyəti qarşısında çıxış edən səfir ABŞ tarixində önəmli rol oynamış yüzlərlə dövlət xadiminin məzunu olduğu belə bir mötəbər təhsil müəssisəsində olmaqdan məmnunluq duyduğunu bildirmişdir. Səfir ümummilli lider Heydər Əliyevin NATO-nun təsis edilməsinin 50 illiyi ilə əlaqədar ABŞ-a işgüzar səfəri çərçivəsində 1999-cu ilin aprelində Akademiyada etdiyi tarixi çıxışı xatırlatmış və bu xüsusda kursant-müəllim heyəti önündə çıxış etməyin qürurverici olduğunu bildirmişdir.
Azərbaycanın coğrafi mövqeyi, ölkəmizin tarixi və demokratik dövlətçilik ənənələri barədə görüş iştirakçılarına məlumat verən səfir Şərqdə ilk parlamentli respublikanın məhz Azərbaycanda təsis edildiyini və ölkəmizdə qadınların səsvermə hüququnun ABŞ-dan belə öncə tanındığını diqqətə çatdırmışdır. Azərbaycanın Avropadan Asiyaya gedən nəqliyyat və kommunikasiya yolları üzərində əhəmiyyətli bir strateji mövqedə yerləşdiyini vurğulayan diplomat çətin təhlükəsizlik mühitinə və coğrafi reallıqlara baxmayaraq, müstəqillik illəri ərzində Azərbaycanın həm daxili, həm də xarici siyasətdə böyük uğurlara imza atdığını qeyd etmişdir.
ABŞ-Azərbaycan əlaqələrindən danışan səfir münasibətlərin strateji xarakter daşıdığını bildirmiş və bunun göstəricisi olaraq ölkələrimizin bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ümumi mövqeyə malik olduğunu bəyan etmişdir. Diplomat Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirakı, habelə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstəyi, daşınmalar üçün yaradılmış tranzit imkanları və ölkəmizin qeyri-hərbi töhfələri barədə kursant-müəllim heyətini məlumatlandırmışdır. Ölkəmizin yüksək nailiyyətlər əldə etməsində və regionda lider dövlətə çevrilməsində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən enerji siyasətinin həlledici amil olduğu vurğulanmışdır. Səfir enerji resurslarının mövcudluğunun özü-özlüyündə inkişaf və uğurun təminatçısı olmadığını qeyd etmiş, Ulu Öndərin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən praqmatik siyasətin enerji resurslarının ölkənin inkişafı və parlaq gələcəyi naminə səmərəli istifadə edilməsinin bariz nümunəsi olduğunu bildirmişdir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan E.Süleymanov Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi regional neft, qaz layihələrinin uğurla həyata keçirilməsində ABŞ-Azərbaycan tərəfdaşlığının və həmin dövrdəki ABŞ rəhbərliyinin Cənubi Qafqaz regionu ilə bağlı nümayiş etdirdiyi uzunmüddətli və bütün tərəflərin maraqlarına cavab verən strateji yanaşmanın önəmli rola malik olduğunu bildirmişdir. Təhlükəsizlik çağırışlarının gücləndiyi hazırkı vaxtda yalnız bu tipli obyektiv, davamlı, etibarlı tərəfdaşlıq münasibətlərinin və uzunmüddətli strateji yanaşmanın regionun inkişafı və gələcək perspektivləri baxımından böyük uğurlar vəd edə biləcəyi xüsusi qeyd olunmuşdur.
Səfir, həmçinin həyata keçirilməkdə olan enerji layihələri - Trans-Adriatik (TAP) və Trans-Anadolu kəmərləri (TANAP) sayəsində Azərbaycan qazının 2019-cu ildən başlayaraq Avropa bazarlarına çıxarılacağı və yaxın illərdə ölkəmizin dünya miqyaslı qaz ixracatçısına çevriləcəyini bildirmişdir.
Sonda diplomat kursant-müəllim heyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmış, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsinin hələ də işğal altında olmasını diqqətə çatdırmış və tezliklə münaqişənin ədalətli həllinin tapılmasının Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar edilməsi üçün əsas amil olduğunu qeyd etmişdir. Səfir Minsk qrupunun həmsədrlərindən biri olaraq Dağlıq Qarabağ münaqişənin həlli prosesində ABŞ-ın daha fəal və məqsədyönlü rolunun zəruri olduğunu bildirmişdir.
Sonra E.Süleymanov Akademiyanın rəisi, vitse-admiral Maykl Miller ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən gələcəkdə azərbaycanlı tələbələrin Akademiyada təhsil almaq imkanları və digər mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Daha sonra səfir Hərbi Dəniz Qüvvələri Akademiyasının 4000 nəfərlik kursant heyəti ilə birgə nahar etmişdir.
Qeyd edək ki, 1845-ci ildən fəaliyyət göstərən Hərbi Dəniz Akademiyası ABŞ-ın ən mötəbər hərbi təhsil ocaqlarından biri hesab olunur. Akademiyada ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları üçün peşəkar zabit və mütəxəssislər hazırlanır.
AzərTAc