Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda 1 məsələnin- "Akkreditasiya haqqında" qanun layihəsinin (ikinci oxunuş) müzakirəsinə baxılıb. Məsələnin müzakirəsinə keçməmişdən əvvəl çıxış edən komitənin sədri Ziyad Səmədzadə və millət vəkilləri Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı fikirlərini bölüşüblər. Millət vəkilləri Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını və dünya ictimaiyyətinin bu məsələyə biganə qalmadığını vurğulayıblar.Daha sonra qanun layihəsi barədə məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirib ki, 4 fəsil, 13 maddədən ibarət qanun layihəsi ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsini, ticarətdə texniki maneələrin qarşısının alınmasını, həmçinin Azərbaycanda verilən sertifikatın, sınaq, kalibirlənmə və inspeksiya hesabatlarının ölkəmizin ərazisindən kənarda tanınmasını tənzimləyəcək: "Milli akkreditasiya sisteminin müvafiq beynəlxalq sistemə uyğunlaşması məqsədi ilə uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qaydalarının, prinsiplərinin və ona nəzarətin əsaslarını müəyyənləşdirəcək".Z. Səmədzadə həmçinin qeyd edib ki, məhsulların keyfiyyətini artırmaq üçün sertifakatların keyfiyyəti artırılmalıdır: "Dünyada keyfiyyət və standartlara nəzarət qanun çərçivələrində həyata keçirilir. Bu səbəbdən də hesab edirəm ki, adıçəkilən qanun layihəsini qəbul etməklə özümüz təkmilləşirik". Vahid Əhmədov isə vurğulayıb ki, qanun layihəsinin hazırlanmasında Avropa Birliyinin Komitə ilə birgə həyata keçirdiyi "Twinning" layihəsinin beynəlxalq mütəxəssisləri iştirak ediblər: "Sənəd ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin xarici və yerli mütəxəssisləri tərəfindən Ümumdünya Ticarət Təşkilatının və Avropa İttifaqının tələbləri əsasında təkmilləşdirilib və beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılıb. Qanun layihəsi Azərbaycan Respublikasının akkreditasiya sisteminin əsas prinsiplərini, ümumi tələbləri, uyğunluğun qiymətləndirilməsi təşkilatlarının (orqanlar və ya laboratoriyalar) akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanının iş prinsiplərini, akkreditasiya proseduralarını, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın əsaslarını və onların standartlarını müəyyən edir".Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
sia.az