Lerikdə Heydər Əliyev Mərkəzində YAP fəalları, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirakı ilə Xocalı faciəsinin həsr olunmuş anım mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Elxan Qənbərov açıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Fevralın 25-dən 26-na keçən gecə erməni daşnakları tərəfindən 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuş, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi bu gün də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Bir gecədə 7 minlik əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilib.
Daha sonra natiq qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həm 20 yanvar, həm də Xocalı faciəsi parlamentdə müzakirə olunub, günahkarların cəzalandırılması tələb edilib. Bu gün də dövlət səviyyəsində faciənin soyqırım aktı kimi dünya dövlətləri tərəfindən tanınması üçün ciddi iş aparılır. Heydər Əliyev Fondunun "Xocalıya ədalət" kompaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində müxtəlif tədbirlər keçirilir, Xocalı faciəsini əks etdirən foto sərgilər və filmlər nümayiş etdirilir.
Sonra YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədovun məruzəsi dinlənilib.
Respublikanın əməkdar müəllimi Gültəkin Şıxəliyeva, rayon Ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, tarix müəllimi Araz Qurbanov və digərləri çıxış edərək erməni qəsbkarlarının insanlığa sığmayan hərəkətlərindən, bu faciəyə dünya ictimaiyyətinin göz yumması qeyd ediblər. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə bu hadisəyə siyasi qiymət verdiyini bildirən çıxışçılar Xocalıda xalqımızın başına gətirilən faciənin əsl soyqırımı kimi dünya dövlətləri tərəfindən tanınması istiqamətində iş aparmağın hər birimizin vicdan borcu olduğunu bildiriblər.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
sia.az