Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Xocalı soyqırımında şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Daha sonra çıxış edən spiker Oqtay Əsədov bildirib ki, XX əsrdə azərbaycan xalqına qarşı törədilən ən dəhşətli günlərdən biridir: "Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirib. Bildiyiniz kimi, Milli Məclisin müvafiq qərarına əsasən fevralın 26-sı Xocalı soyqırımı günü kimi qeyd edilir. Bununla bağlı beynəxalq təşkilatlara müraciət olunub. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı fcaiəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər mütəşəkkil xarakter almışdı. Bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir".O. Əsədov onu da qeyd edib ki, dünyanın bir çöx ölkələrində hər il Xocalı faciəsinin ildönümləri həyata keçirilir: "Bu da təbii ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətinin nəticəsidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə yaradılan "Xocalıya ədalət kampaniyası" real və konkret nəticələr verməkdədir. Əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Buna görə də Xocalı faciəsində günahsız insanların canını alan ermənilər gec-tez öz layiqli cəzalarını alacaqlar. Azərbaycan günü-gündən həm siyasi, həm iqtisadi cəhətdən güclənir. Buna görə də əminik ki, həm Dağlıq Qarabağı, həm də ətrafdakı 7 bölgəmizi tezliklə azad edəcəyik".
sia.az