Aureliya Qriqoriya: "BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır"
Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Milli QHT Formu ilə birlikdə Xocalı faciəsinin 22 ci il dönümü ilə əlaqədar anım tədbiri keçirib. SİA-nın məlumatına görə, tədbirdə ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli QHT Formunun prezidenti Rauf Zeyni, Moldovalı ombudsman Aureliya Qriqoriya, ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləri, QHT sədrləri və digər şəxslər iştirak edib. Tədbirin əvvəlində Xocalı faciəsində və vətənimizin bütövlüyü uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Xocalı soyqırımı və onun dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Çıxış edən Milli QHT Formunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda tərətdikləri vəhşiliklərdən danışıb. Bildirib ki, ermənilər həmin gün ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalıya hücum edərək burada insanlığa sığmayan hərəkətlər, əsrin faciəsini törədiblər.Rauf Zeyni Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir: "Bu istiqamətdə Heydər Əliyev Fondu və onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın göstərdiyi fəaliyyətin mühüm əhəmiyyətə malikdir. Artıq bir neçə ildir ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra uğurlar əldə edilib. Artıq bir neçə ölkə parlamentində Xocalı faciəsi tanınıb. Ancaq təəssüflə qeyd etmək istərdim ki, hələ də bir sıra dövlətlər, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir, Xocalı faciəsini tanımaq istəmirlər. Ümid edirik ki, tezliklə haqq-ədalət öz yerini tapacaq və Xocalıda əsrin cinayətini törədən insanlar öz cəzasını alacaqlar. Eyni zamanda Xocalı hadisəsi tezliklə bütün dünyada soyqırım olaraq tanınacaq". Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, Xocalı faciəsi bəşər tarixinin qanlı səhifəsidir: "Biz tarixə ekskursiya etməliyik. Rusiya və İran arasında Gülüstan və Türkmənçay müqavilələri bağlanandan sonra Azərbaycan xalqı soyqırımlara məruz qalıb. İstər 1905-1907-cı illərdə, istərsə də II Dünya Müharibəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılar sürgün olunub, qətlə yetirilib. 1918-ci ilin martında ermənilər Bakıda soyqırım törədib. Xocalı soyqırımı isə bu soyqırımların zirvəsində dayanır".Ə. Amaşov vurğulayıb ki, Azərbaycanın qarşısında duran ən böyük məqsəd Xocalı soyqırımını daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: "Hesab edirəm ki, bununla da dünya mənfur düşmənin simasını daha yaxşı tanıyacaq".A. Qriqoriya bildirib ki, Azərbaycan həqiqətlərini və Xocalı həqiqətlərini beynəlxalq tribunala çıxartsaq bunun nə qədər böyük bir faciə olduğunu dünyaya çatdırmış olarıq: "İrəvandakı çıxışım zamanı bütün həqiqətləri ermənilərin diqqətinə çatdırdım. 22 il keçməsinə baxmayaraq, bu faciəyə hüquqi qiymət verilməyib. Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır".Moldovalı ombudsman qeyd edib ki, İrəvandakı çıxışından sonra ona həqiqəti danması üçün böyük qonarar təklif ediblər: "Ancaq mən buna qədər bütün həqiqəti öyrənmişdim. Ona görə də həqiqətin gözünə dik baxmağı seçdim və ermənilərin çirkin təklifini qəbul etmədim. Hesab edirəm ki, biz sonadək ermənilərin Azərbaycanla bağlı provakativ addımlar atmasına imkan verməməliyik. Çünki, ermənilərin dünya ictimaiyyətinin gözündən pərdə asdığı bəsdir".Daha sonra ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləri çıxış ediblər.Dəyirmi masanın sonunda 100-dən artıq QHT adından Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT, İnsan Haqları üzrə Haaqa Məhkəməsi, Beynəlxalq Hərbi Tribunal, eyni zamanda, dünyada fəaliyyət göstərən insan hüquqları üzrə tanınmış Freedom Hause, Human Right Wateh təşkilatlarına müraciət göndərilib. Müraciətdə adı çəkilən təşkilatlar bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu soyqırım cinayətinə biganə qalmamağa, dünyada bu cür soyqırımların bir daha təkrar olunmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe sərgiləməyə çağırılıb: "Biz Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri olaraq dünyada milli, etnik, dini, irqi ayrıseçkiliyə qarşı olduğumuzu bir daha bəyan etməklə, bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün bütün beynəlxalq qurumları bir daha təkidlə mübarizəyə səsləyir, onlardan Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmələrini və Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət vermələrini gözləyirik".Qeyd edək ki, tədbirdəki çıxışı zamanı A.Qriqoriyanın təklifi dəyirmi masanın bəyanatına daxil edilib.
sia.az