Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) ofisində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirin məqsədi gənclərə Xocalı faciəsini şahidlərin xatirələri ilə yenidən anlatmaq, bu hadisəyə hüquqi verilməsi işində gəncləri səfərbərlik etməkdən ibarətdir.Tədbirdə YAP GB-nin sədri Seymur Orucov, millət vəkili "Azərbaycan"qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, birliyin sədr müavini Aytac Əliyeva təşkilatın üzvləri və digərləri iştirak ediblər.Tədbirdə ilk çıxış edən YAP GB-nin sədri Seymur Orucov vurğulayıb ki, tədbir təşkilat tərəfindən elan olunan Xocalı həftəsi çərçivəsində keçirilən tədbirlərdən biridir. Faciə ilə bağlı danışan S.Orucov söyləyib ki, Xocalı faciəsi hər birimizin qan yaddaşıdır: "Xocalı faciəsindən artıq 22 il keçir. Gənclər bu faciəni unutmur. Nə qədər ki, Azərbaycan var bu faciə heç zaman unudulmayacaq. Xocalı faciəsinə ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Faciə baş verən zaman ölkəmizdə hərbi-siyasi vəziyyətin ağır olması və o dövrkü səriştəsiz, moskvapərəst hakimiyyətin bu hadisəyə biganəliyi, dünyaya faciə barəsində zamanında və dölğun informasiya verməməsi indiki hakimiyyətin bu barədə apardığı təbliğat işini çətinləşdirir. O zaman rəsmi dairələr guya Xocalıda 2-3 nəfərin öldüyü barədə xəbərlər yayırdı. Əsil həqiqət gizlədilirdi. Amma böyük əziyyətlərə baxmayaraq bu gün faciənin dünya ölkələrində tanıdılması istiqamətində müsbət nəticələr əldə edilib. Artıq bir çox ölkələr faciəni tanıyır, soyqırımına dair sənəd qəbul edir. Bu günkü tədbirimizin də məqsədi soyqırımını siyasi aspektdən müəyyənləşdirməkdir".Həmin dövrün şahidlərindən biri, hazırda baş redaktoru olduğu "Azərbaycan" qəzetinin o zaman Xocalı rayonu üzrə müxbiri olan, millət vəkili Bəxtiyar Sadıqov çıxış edərək vurğulayıb ki, gənclərlə təmas güc, enerji verir: "Biz fəxr edirik ki, müstəqillik dövrünün gəncləri yetişir".Faciə ilə bağlı danışan B.Sadıqov söyləyib ki, baş verənlər qabaqcadan planlaşdırılan hadisələr idi. Millət vəkili qeyd edib ki, 1988-ci ildə deyəndə ki, Sovet Birliyi dağılacaq biz inanmırdıq: "Amma həqiqətən də deyilənlər doğru oldu. Bütün bunlardan belə məlum olur ki, Xocalı faciəsi və digər hadisələr əvvəlcədən hazırlanan proses idi". B.Sadıqov bildirib ki, o zaman Xocalı soyqırımının baş verməsi üçün müəyyən səbəblər var idi: "Rusiyanın Qafqazı ələ keçirmək niyyəti hər zaman olub və bu gün də var. Rusiya bizdən Xəzər dənizini istəyir. Əgər biz yenidən Xəzər dənizini versək o zaman necə müstəqil ola bilərik? Bunu Qarabağla bağlı da demək olar. Biz Qarabağı verə bilərikmi? Əlbəttə ki, yox. Biz müstəqillik qazandıqdan sonra Qarabağ münaqişəsi ortaya çıxdı. 20 Yanvar faciəsi bizə müstəqillik istəyimizə qarşı qulaqburması idi. Lakin ağlımıza gəlməzdi ki, hər zaman ayağımızın altında işləyən ermənilər bizə qarşı bu cür addımlar ata bilərlər. Düşünməzdik ki, onların arxasında Rusiya dayana bilər. Bütün baş verənlər müstəqillik istəyimizdən dönmədiyimizə görə oldu deyə bilərik".Tədbirin davamında gənclər millət vəkilinə Xocalı faciəsi ilə bağlı suallarını ünvanlayıblar. Tədbir diskusiya şəraitində davam edib.
sia.az