YAP Yevlax rayon təşkilatı Xocalının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı tədbir keçirib
Dünən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı YAP Yevlax rayon təşkilatı tədbir keçirib. Tədbir Xocalı soyqrımına həsr edilmiş filmə baxışla başlayıb. Sonra tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev açaraq bildirib ki, Ümummilli Liderimiz, böyük şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparmışdır: "Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bu siyasəti ardıcıl və geniş şəkildə davam etdirir. Cənab İlham Əliyev dəfələrlə birmənalı şəkildə təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz".
YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova qeyd edib ki, Xocalı faciəsində həlak olan şəhidlərin xatirəsinin hər zaman belə əziz tutulması xalqın mənəvi zənginliyinin və öz keçmişinə etimadla yanaşmasının nəticəsidir. O öz növbəsində bir qadın, bir ana olaraq bu faciənin Azərbaycan tarixində qadınlara, körpələrə qarşı törədilmiş ən qəddar amansız bir cinayət kimi qiymətləndirdi. Və bütün dünya qadınlarını azərbaycanlı qadınlarla, analarla həmrəy olmağa çağırdı.
Sonra çıxış edən Xocalı sakinləri faciə ilə bağlı xatirələrindən söz açıblar. Sonda çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müvini Zərifə Məmmədova qeyd edib ki, Xocalı faciəsi bir xalqa, millətə edilmiş soyqırımı olmaqla, ümumən insanlığa vurulmuş ən böyük zərbədir: "Təəssüf ki, insan hüquqlarında danışan dünyanın hegemon ölkələrinin əksəriyyətində bu soyqırımı tanınmır. Amma biz inanırıq ki, Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tez bir zamanda bütün dünya yüzlərlə qətliamin səbəbkarı olan qəddar və vəhşi erməni sifətini tanıyacaqdır".
YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev sonda baş vermiş bu cür qətliama görə Xocalı sakinlərinə ümumilikdə, toplantı iştirakçılarına başsağlığı verərək, onlara güclü və inamlı olmağı arzuladı.
ÜLVİ