Fevralın 22-23-də Vaşinqtonda keçirilən və 20 min nəfərdən yuxarı iştirakçının qatıldığı 10-cu Səyahət və Macəralar Sərgisində Azərbaycanın turizm potensialı "Azərbaycan möcüzələri" ("Wonders of Azerbaijan") layihəsi çərçivəsində nümayiş etdirilmişdir.
Yerli turizm mütəxəssislərini bir araya gətirən "Azərbaycan Möcüzələri" layihəsi, ABŞ ictimaiyyətinə Azərbaycan turizm imkanlarını tanıtmaq, Birləşmiş Ştatların turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əsasında Azərbaycana müxtəlif istiqamətlər üzrə səyahət paketlərini təklif etmək məqsədilə yaradılmışdır. "Azərbaycan - Odlar Yurdu, Tolerantlıq Diyarı" başlığı altında Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş stenddə, yerli turizm mütəxəssisləri Azərbaycanın zəngin tarixi, maddi-mədəni irsə və ləziz mətbəxə malik olduğunu, həmçinin dini, mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırmışlar.
Qeyd edək ki, "Azərbaycan möcüzələri" layihəsi çərçivəsində yerli turizm şirkətləri artıq Çikaqo, Los Anceles və Vaşinqton şəhərlərində keçirilmiş sərgilərdə iştirak etmişlər. Tədbir təşkilatçılarının bildirdiyinə görə, bu şəhərlərdə keçirilmiş səyahət sərgiləri, iştirakçıların sayı baxımından, ABŞ ərazisində keçirilmiş ən böyük üç beynəlxalq səyahət sərgisi hesab olunur.
yap.org.az