"Xalqımızın tarixi və tariximizdəki faciəvi hadisələr heç zaman unudulmamalı, gələcək nəsillərə çatdırlmalıdır. Bu mənada Xocalı soyqırımını da heç zaman unutmamalıyıq". Bu fikirləri "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.
B.Sadıqov bildirib ki, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək üçün hər zaman fürsət gözləyib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev keçmiş SSRİ rəhbərliyindən istefa verdikdən sonra ermənilər fəalaşmağa başladılar.
"Erməni akademik Aqambekyan Parisdə çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün sovet rəhbərliyinin razılığının alındığını bildirmişdi. Bundan sonra ermənilər Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməyə başladılar. Bu zamandan etibarən ermənilərin azərbaycanlılara qarşı qətliamları başladı" deyən, B.Sadıqov əlavə edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla öldürülməsi bu faciələrin ən dəhşətlisi oldu.
"Erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetirdi, hərb tarixində analoqu olmayan işgəncə ilə öldürdü, təhqirlərə məruz qoydular. Öz amansızlığına, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq. Əlbəttə ki, ermənilərin siyasətinin kökündə ermənilərin tarix boyu həyata keçirmək istədiyi məqsədlər dayanırdı. Məlum olduğu kimi, "Böyük Ermənistan" xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının - işğalçı Sovet ordusunun köməyi ilə böyük işgəncələrlə azərbaycanlıları öz tarixi yurdlarından qovan ermənilər cəzasız qaldıqlarını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər".
Millət vəkili deyib ki, xalqımız erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımını hər il geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə ürəkağrısı ilə qeyd edir. Onun sözlərinə görə, dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylə çalışır: "Bu istiqamətdə, həmçinin, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti və Fondun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" kampaniyası xüsusi qeyd edilməlidir".
yap.org.az