"Son zamanlar Bakıda və ölkənin digər bölgələrində yeni limanlar tikilir. Bu sahədə inkişaf "Dəniz limanları haqqında" yeni qanun layihəsini zəruri edir". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, yeni qanun layihəsinin qəbulu Azərbaycanın Xəzər dənizində digər ölkələrlə liman əlaqələrinin genişlənməsinə və inkişafına olduqca böyük töhfə verəcək. Onun sözlərinə görə, qanun ölkənin dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək və Azərbaycanın Xəzər dənizindəki statusunu daha da möhkəmləndirəcək.
"Yeni qanun limanların inşası, açılması, bağlanılması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin əsaslarını müəyyən edir. Sənəd xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az