İlham Əliyev: "Azərbaycanda iş görmək üçün yaxşı şərait, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur"
Bu gün inkişafa, yeniliyə, ilklərə o qədər öyrəşmişik ki, artıq onlar bizim üçün adiləşib. Hətta o dərəcədə ki, sanki elə belə də olmalıymış. Daha fikirləşmirik, xatırlamırıq ki, çox da uzaq olmayan keçmişdə ölkənin iqtisadi durumundan tutmuş əhalinin güzəranınacan vəziyyət tamam fərqli idi. Əgər indi ucqar kəndlərin qazlaşdırılmasından söhbət gedirsə, o vaxt şəhərlərin elektrik enerjisi ilə təchiz edilməsi problem idi, əgər bu gün ölkədə məşğulluq ciddi məsələ kimi gündəmdə deyilsə, həmin dövr kəndlərimizin, rayon mərkəzlərimizin boşalmasının əsas səbəblərindən biri iş yerlərinin olmaması idi, əgər hazırda abadlıq-quruculuq tədbirləri ünvanını dəyişərək kəndlərə keçibsə, o illər hətta şəhər əhalisi abad bir küçəyə həsrət idi. Bu sıraya digər uğurlu işləri də aid etmək olar.
Amma bu müqayisələr arasında daha çox qürur doğuran, Azərbaycanın qısa müddətdə hansı inkişaf yolu keçib nəyə nail olduğunu sübut edən bir fakt da var. Bu, yaxın keçmişdə xarici investisiyadan asılı olan ölkəmizin indi özünün xarici dövlətlərdə müxtəlif layihələrə sərmayə yatırması faktıdır. Bəli, bu gün Azərbaycan artıq borc alan yox, borc verən ölkədir. Maliyyə imkanlarının genişlənməsi, valyuta ehtiyatlarının dəfələrlə artması Azərbaycana imkan verir ki, öz strateji maraqlarının təmin olunması şərti ilə tərəfdaş xarici ölkələrə irihəcmli investisiyalar yatırsın.
Azərbaycanda
sənayeləşmə siyasəti
Qeyd edək ki, ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.
2014-cü il "Sənaye ili" elan edilib. Qeyd edək ki, təkcə ötən il ərzində də regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilib, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı bərpa olunub, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir. 2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilib, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilib ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir.
İqtisadçı-ekspert Vüqar Bayramlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, bu ilin "Sənaye ili" elan edilməsi, eyni zamanda iqtisadiyyatın sənayeləşdirilməsi baxımdan vacib idi: "Rəsmi proqnozlara əsasən, bu il qeyri-neft sektorunun ÜDM-də payı 62,0, büdcə gəlirlərində isə 35,0 faizə çatdırılacaq. İqtisadiyyatın şaxələnməsi üçün isə təbii ki, xüsusən də qeyri-neft sektorunda sənayenin inkişafı qaçılmazdır."
Qeyri-neft sektorunda
sənayenin inkişafı
Ölkə iqtisadiyyatının, o cümlədən sənayenin inkişafında yeni dövr 2003-cü ildən başlanmışdır və bu sahədə əldə edilmiş nəticələr onu söyləməyə əsas verir ki, respublika iqtisadiyyatında qeyri-neft sektoru indi daha artıq önəm kəsb etməkdədir. Bu sektorda müşahidə olunan dinamizm iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin düzgünlüyünü göstərir. Belə ki, həyata keçirilən siyasət çərçivəsində 2003-2013-cü illər ərzində qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, idxaldan asılılığın azaldılması, ölkənin ixrac qabiliyyətinin diversifikasiyası, həmçinin yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin qurulması, xarici və yerli investorlar üçün cəlbedici investisiya mühitinin yaradılması, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması istiqamətində mühüm uğurlar qazanılmışdır.
Eyni zamanda, qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni texnoloji infrastrukturların qurulması, innovasiya xarakterli texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, məhsul istehsalında əldə edilmiş kəmiyyət və keyfiyyət artımı ölkəmizin ixrac potensialını daha da möhkəmləndirmiş, son 10 il ərzində xarici ticarət tərəfdaşlarımızın sayı iki dəfə artaraq 155-ə çatmış, xarici ticarət dövriyyəsinin həcmi 8,8 dəfə artmış və 2012-ci ildə qeyri-neft məhsulunun ixracı 11,2 faiz yüksəlmişdir. Bu sahədə görülən işlərin təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya qoyuluşu baxımından dünyanın ən cəlbedici ölkələrindən biridir. Həmçinin, qeyri-neft sənayesinin dayanıqlı inkişafının təmin edilməsi və bu sektorun ÜDM-də payının artırılmasına nail olunması üçün dövlətimizin müəyyənləşdirdiyi kimi, innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artırılması kimi tədbirlər həyata keçirilməklə Azərbaycan iqtisadiyyatının modernləşməsi zəruridir. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafı məsələsinə yeni yanaşma tələb edir.
Beləliklə, dövlətimiz tərəfindən həyata keçirilən və elmi əsaslara söykənən xarici və daxili siyasət, uğurlu diplomatik fəaliyyət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf tempini saxlayacaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcəkdir.
R.HÜSEYNOVA